Marsel “Olimpik”i azad agent qismində olan, Fransa yığmasının mərkəz yarımmüdafiəçi Adrien Rabyo ilə anlaşdığını bəyan edib.
Arena.az məlumat verir ki, “Olimpik” bu barədə klubun rəsmi saytı üzərindən müvafiq məlumat paylaşıb.
Vurğulanır ki, fransız futbolçu tibbi müayinədən keçdikdən sonra Marsel klubu ilə müqaviləsini rəsmiləşdirəcək.
Xatırladaq ki, cari ilin iyul ayında Rabyo “Yuventus”dan ayrılıb və azad agent qismində klub axtarışında dolaşırdı.
Böyük futbolda PSJ-nin heyətində debüt etmiş Rabyo bir müddət “Tuluza”da icarə əsasında çıxış edib. “Yuventus” Rabyonu 2019-cu ilin iyulunda PSJ-dən azad agent qismində öz heyətinə qatmışdı. Hələ ötən mövsümün əvəlindən Turin klubu ilə fransız futolçu yeni müqavilə haqda bütün mövsüm boyu danışıqlar aparsalar da, ortaq məxrəcə gələ bilməyiblər. Nəticədə “Yuventus”la müqaviləsinin müddəti cari ilin iyul ayının 1-də başa çatmış Rabyo “Qoca sinyora” ilə bir daha razılığa gələ bilməyib və tərəflər ayrılmağa qərar veriblər. Məsələdə “təqsirkar” Rabyonun anası və eyni zamanda agenti olan Veronik Rabyo görülür. Belə ki, xanım, oğlunun xidməti müqabilində “Yuventus”un cibinə müvafiq olamayan məbləğdə ödənişə israrlı idi.
Rabyo geridə qalmış 2023/2024-cü illər mövsümündə “Yuventus”un heyətində bütün yarışlarda 35 oyuna 5 qol və 3 məhsuldar ötürmə ilə fərqlənib. Fransız futbolçunun “byankoneri”nin heyətində çıxışının ümumi mənzərəsi isə belədir: 212 oyun, 22 qol 15 məhsuldar ötürmə.
Adrien Rabyo 2016-cı ilin noyabrında debüt etdiyi Fransa yığmasının heyətində 48 oyun keçirib, 4 qol vurub, 3 məhsuldar ötürmə verib.
Adrien Rabyonun qənimətlər muzeyində PSJ ilə qazandığı 6 Fransa Liqa 1 çempionluğu, 4 Fransa Kuboku, 5 Fransa Liqa Kuboku, 4 Fransa Super Kuboku, həmçinin “Yuventus”la İtaliya A Seriyası çempionluğu, 2 İtaliya Kuboku, İtaliya Super Kuboku var.
Rabyo “xoruzlar”la 2021-ci il UEFA Millətlər Liqasını qazanıb və Qətərdə keçirilmiş 2022-ci il dünya çempionatının gümüş mükafatçısı olub.
“Transfermarkt internet-portalı 29 yaşlı Adrien Rabyonun transfer dəyərini 35 milyon avro məbləğində qiymətləndirir.