Marsel “Olimpik”i azad agent qismində olan, Fransa yığmasının mərkəz yarımmüdafiəçi Adrien Rabyo ilə rəsmi müqavilə bağlayıb.
Arena.az məlumat verir ki, “Olimpik” bu barədə klubun rəsmi saytı üzərindən müvafiq məlumat paylaşıb.
Vurğulanır ki, fransız futbolçu tibbi müayinədən keçdikdən sonra Marsel klubu ilə rəsmi müqaviləyə imza atıb. Tərəflər 2 illik (2026-cı ilin 30 iyununadək) anlaşıblar. 29 yaşlı yarımmüdafiəçi Liqa 1 təmsilçisində 25 nömrəli formanı geyinəcək.
Xatırladaq ki, Rabyo cari ilin iyul ayında “Yuventus”dan ayrılandan bəri azad agent qismində klub axtarışında idi.
Böyük futbolda PSJ-nin heyətində debüt etmiş Rabyo bir müddət “Tuluza”da icarə əsasında çıxış edib. “Yuventus” Rabyonu 2019-cu ilin iyulunda PSJ-dən azad agent qismində öz heyətinə qatmışdı. Hələ ötən mövsümün əvəlindən Turin klubu ilə fransız futolçu yeni müqavilə haqda bütün mövsüm boyu danışıqlar aparsalar da, ortaq məxrəcə gələ bilməyiblər. Nəticədə “Yuventus”la müqaviləsinin müddəti cari ilin iyul ayının 1-də başa çatmış Rabyo “qoca sinyora” ilə bir daha razılığa gələ bilməyib və tərəflər ayrılmağa qərar veriblər.
Rabyo geridə qalmış 2023/2024-cü illər mövsümündə “Yuventus”un heyətində bütün yarışlarda 35 oyuna 5 qol və 3 məhsuldar ötürmə ilə fərqlənib. Fransız futbolçunun “byankoneri”nin heyətində çıxışının ümumi mənzərəsi isə belədir: 212 oyun, 22 qol 15 məhsuldar ötürmə.
Adrien Rabyo 2016-cı ilin noyabrında debüt etdiyi Fransa yığmasının heyətində 48 oyun keçirib, 4 qol vurub, 3 məhsuldar ötürmə verib.
Adrien Rabyonun qənimətlər muzeyində PSJ ilə qazandığı 6 Fransa Liqa 1 çempionluğu, 4 Fransa Kuboku, 5 Fransa Liqa Kuboku, 4 Fransa Super Kuboku, həmçinin “Yuventus”la İtaliya A Seriyası çempionluğu, 2 İtaliya Kuboku, İtaliya Super Kuboku var.
Rabyo “xoruzlar”la 2021-ci il UEFA Millətlər Liqasını qazanıb və Qətərdə keçirilmiş 2022-ci il dünya çempionatının gümüş mükafatçısı olub.
“Transfermarkt” internet-portalı 29 yaşlı Adrien Rabyonun transfer dəyərini 35 milyon avro məbləğində qiymətləndirir.