Futbol üzrə Yunanıstan Super Liqasında 2022/2023 mövsümünün qalibi AEK (Afina) komandası olub. Arena.az xəbər verir ki, çempion son turda müəyyənləşib.
Qızıl medallar uğrunda mübarizə “Panatinaikos” son turda “Aris”lə ev oyununda xal itirib – 1:1. Lider AEK isə doğma meydanda “Volos”u 4:0 hesabı ilə darmadağın etməklə qızıl medalları təmin edib.
Yekunda Afina təmsilçisi mövsümü 83 xalla zirvədə başa vurub. Sözügedən komanda mövsüm ərzində keçirdiyi 36 oyundan 26-da qələbə qazanıb. Beş oyun heç-heçə bitibsə, qalan beş görüşdə məğlubiyyət qeydə alınıb. Top fərqi də diqqətçəkəndir – 69:17.
“Panatinaikos” 78 xalla gümüş medallara sahib çıxıb. 73 xal toplamış “Olimpiakos” isə bürünc medallarla kifayətlənib. UEFA Çempionlar Liqasına vəsiqə qazanan ilk yerin sahibindən fərqli olaraq, “Olimpiakos” Yunanıstanı növbəti mövsümdə Avropa Liqasında təmsil edəcək. 67 xalla dördüncü olan PAOK və 51 xalla beşinci yeri tutan “Aris”i isə Konfrans Liqasında mübarizə gözləyir. “Volos” 40 xalla altıncı olub.
Xatırladaq ki, AEK tarixində 13-cü dəfə Yunanıstan Super Liqasının qalibi adını qazanıb. Sözügedən klub daha öncə 1938–39, 1939–40, 1962–63, 1967–68, 1970–71, 1977–78, 1978–79, 1988–89, 1991–92, 1992–93, 1993–94 və 2017–18 mövsümlərində ölkəsinin ən güclüsü olmuşdu.
Yunanıstanın ən titullu komandası “Olimpiakos”dur. Piyer təmsilçisi 47 dəfə ölkə çempionu olub. Bu göstəricidə ikinci olan “Panatinaikos”un da 20 çempionluğu var. Afina təmsilçisi isə 13 çempionluqla üçüncü sırada qərarlaşıb. “Aris” və PAOK klubları 3, AEL 1 dəfə Yunanıstan çempionu olub. Yunanıstan çempionatı 1927-ci ildən keçirilir.