AFFA Əliyevlə Mehdiyevi futboldan ömürlük kənarlaşdırdı

AFFA danışılmış oyunlarda iştiraka görə iki futbolçunu ömürlük diskvalifikasiya edib. Arena.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, bu gün İntizam Komitəsinin iclası keçirilib. Aparılan müzakirələrdən sonra MOİK klubunun üzvləri Fərmayıl Əliyev və Emin Mehdiyev futbol ilə əlaqədar hər hansı fəaliyyətlə məşğul olmaq hüququndan məhrum olunublar. Birinci Divizionda mübarizə aparan klubun üzvləri bu qərarı aldıqdan sonra 15 (on beş) gün ərzində AFFA-nın Apellyasiya Arbitraj Tribunalına apellyasiya şikayəti verə bilərlər.

Xatırladaq ki, “Neftçi”nin yetirməsi olan Emin Mehdiyev “Sumqayıt”, “Səbail”, “Sabah”, “Qaradağ Lökbatan” və “Keşlə” kimi klubların formasını geyinib. O, Türkiyədə “Niksar Bələdiyyəspor”un da uğurları üçün çalışıb. Yarımmüdafiəçi olan 30 yaşlı Emin Mehdiyev 2020-ci ilin yanvar ayından etibarən MOİK-də çıxış edirdi.

Fərmayıl Əliyev isə “Turan”ın yetirməsidir. O, müxtəlif vaxtlarda “Şərurspor” və “Neftçi” komandalarının da şərəfini qoruyub. 32 yaşlı sağ cinah vingeri 2022-ci ilin yayından MOİK-də forma geyinirdi.