AFFA “Ağdaş”ın baş məşqçisini 5 oyunluq cəzalandırdı

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib, İkinci Liqanın 21-ci turunun oyunları ilə bağlı bəzi qərarlar qəbul olunub.

Arena.az AFFA-nın rəsmi saytına istinadən həmin qərarların siyahısını təqdim edir:

“Göygöl” – “Şahdağ Qusar” oyununa Təcili Tibbi Yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyinə görə “Göygöl” klubu 100 manat cərimə edilib.

“Hypers Quba” – “Şəfa” oyununun 76-cı dəqiqəsində “Hypers Quba”nın azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə Quba klubu 150 manat cərimə edilib.

“Lerik” – “Dinamo” oyunu “Dinamo”nun paltardəyişmə otağını gec tərk etməsi səbəbindən gec başladığı üçün sözügedən klub 150 manat cərimə edilib.

“Füzuli” – “Ağdaş” oyununda “Ağdaş”da 6 nəfər sarı vərəqə aldığı üçün sözügedən klub 70 manat cərimə edilib. Oyun bitdikdən sonra “Ağdaş”ın baş məşqçisi Ruslan Hüseynov hakimin qərarına etiraza görə birbaşa qırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir və təhdid etdiyi üçün 5 oyun cəzalanıb. Ağdaş klubu buna görə 400 manat cərimə edilib. Oyun bitdikdən sonra “Ağdaş”ın futbolçuları tərəfindən stadionun paltardəyişmə otağına dəymiş zərər “Ağdaş” komandası tərəfindən ödəniləcək.

“Şəmkir” – “Kür-Araz” oyununda “Kür-Araz”ın 4 futbolçusu sarı vərəqə aldığı üçün “Kür-Araz” 70 manat cərimə edilib.