AFFA Birinci Divizionda mübarizə aparan “Araz Naxçıvan” və “Zaqatala” klublarına Premyer Liqada iştirak üçün lisenziya verib. Arena.az xəbər verir ki, bu barədə federasiyanın rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, bu gün AFFA-nın Lisenziya Komissiyasının iclası keçirilib. İclasda 2023/2024 mövsümündə UEFA-nın klub yarışlarında və Azərbaycan Premyer Liqasında iştirak etmək üçün müraciət etmiş klubların sənədlərinə baxılıb.
AFFA-nın Lisenziya Komissiyası klubların lisenziyalaşdırılması üzrə qaydaların (Buraxılış 2022) 8-ci maddəsinə əsaslanmış müzakirələrdən sonra aşağıdakıları qərara alıb:
UEFA-nın klub yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilib: “Qarabağ”, “Sabah”, “Neftçi”, “Zirə”, “Qəbələ”.
UEFA-nın klub yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilməyib: “Turan Tovuz”, “Səbail”.
Premyer Liqa yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilib: “Turan Tovuz”, “Səbail”, “Sumqayıt”, “Kəpəz”, “Şamaxı”, “Araz Naxçıvan”, “Zaqatala”.
Premyer Liqa yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilməyib: “İmişli”, “Mingəçevir”, MOİK, “Qaradağ Lökbatan”.
Lisenziya iddiaçısı lisenziya ilə bağlı imtina barədə verilmiş bildiriş tarixindən etibarən 10 gün müddətində AFFA-nın Lisenziyalaşdırma üzrə Apellyasiya Komitəsinə apellyasiya şikayəti verə bilər.
Sonda onu da xatırladaq ki, “UEFA-nın klub yarışlarında iştirak etmək üçün Azərbaycan futbol klublarının lisenziyalaşdırılması və maliyyə dayanıqlığı üzrə qaydalar” (Buraxılış 2022), 14-cü maddəsinə müvafiq olaraq, 2023/24 mövsümündə UEFA-nın klub yarışlarında iştirak etmək üçün lisenziya almış klublar avtomatik olaraq eyni mövsüm üçün Azərbaycan Premyer Liqasında iştirak etmək üçün lisenziya almış hesab olunur.