AFFA-dan “Karvan” – “İmişli” matçı ilə bağlı cəza yağmuru

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib, Birinci Liqanın 5-ci turunun oyunları ilə bəzi qərarlar qəbul edilib.

Arena.az xəbər verir ki, son turun görüşlərində qeydə alınmış qayda pozuntularına hüquqi qiymət verilib.

“Qaradağ Lökbatan” – “Mingəçevir” oyununda “Mingəçevir”in 5 futbolçusu sarı vərəqə aldığına görə sözügedən klub 70 manat cərimə edilib.

“Karvan” – “İmişli” oyununda Əsasnamənin tələbləri pozulduğuna görə Yevlax klubu 100 manat cərimə edilib. “Karvan” azarkeşləri rəqib futbolçuları təhqir etdiyinə və bu hal cari mövsümdə ilk dəfə yaşandığına görə Yevlax klubuna xəbərdarlıq edilib. Bu oyunda meydançaya kənar şəxslər daxil olduğuna görə “Karvan” klubu 80 manat cərimə edilib. “Karvan” azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığına görə Yevlax klubu daha 80 manat cərimə ödəyəcək. Oyunun 90-cı dəqiqəsində “Karvan”ın azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə Yevlax klubu 150 manat cərimə edilib. Oyunun 90+1-ci dəqiqəsində “İmişli”nin futbolçusu İdris İnqilablı azarkeşlərə kənar əşya atdığına görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb. “İmişli” klubu buna görə 200 manat cərimə edilib. “İmişli”nin digər futbolçusu Bahadur Həziyev də azarkeşlərə kənar əşya atdığına görə 2 oyun cəzalanıb. “İmişli” klubu buna görə daha 200 manat cərimə ödəyəcək.

“Cəbrayıl” – MOİK oyununda “Cəbrayıl”ın 5 futbolçusu sarı vərəqə aldığı üçün “Cəbrayıl” 70 manat cərimə edilib. Oyunun 83-cü dəqiqəsində “Cəbrayıl”ın futbolçusu Zeynəddin Abdurahmanov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb. “Cəbrayıl” buna görə 50 manat cərimə ödəyəcək. Oyunun 80-ci dəqiqəsində MOİK-in futbolçusu Nihad Tamazov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb. MOİK buna görə 50 manat cərimə edilib.

“Zaqatala” – “Baku Sportinq” oyununda “Baku Sportinq” komandası matçın ilkin protokolunu elektron sistemdə gec təsdiq etdiyinə görə 100 manat cərimə edilib.