AFFA-dan Şeydayev, Todoroski və Zakpaya 3 oyunluq cəza!

Ramil Şeydayev (“Qarabağ”), Todor Todoroski (“Sumqayıt”) və Qoba Zakpa (“Səbail”) AFFA İntizam Komitəsi tərəfindən cəzalandırılıb. Arena.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi müvafiq qərarlar qəbul edib.

Belə ki, bu gün İntizam Komitəsinin növbəti iclası baş tutub. İclasda Azərbaycan Premyer Liqasının 35-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

“Sabah” – “Zirə” oyunu bitdikdən sonra meydançaya və komandalar olan dəhlizə akkreditasiyası olmayan şəxslər daxil olub. Buna görə “Sabah” klubu 800 manat cərimə edilib.

“Şamaxı” – “Qəbələ” oyunu bitdikdən sonra “Qəbələ” klubunun meneceri Rasim Ramaldanova verilən birbaşa qırmızı vərəqə qərarı ləğv edilib. Bu oyun bitdikdən sonra tribunanın “Qəbələ” klubuna aid hissəsindən meydançaya kənar əşya atıldığına görə sözügedən klub 1600 manat cərimə edilib.

“Qarabağ” – “Sumqayıt” oyunu bitdikdən sonra “Qarabağ”ın futbolçusu Ramil Şeydayev rəqib futbolçuya əl-qol atdığına görə 2-si şərti olmaqla 3 oyun cəzalanıb. Ağdam klubu buna görə 2400 manat cərimə edilib. “Sumqayıt”ın futbolçusu Todor Todoroski də rəqib futbolçuya əl-qol atdığına görə 2-si şərti olmaqla 3 oyun cəzalanıb. “Sumqayıt” klubu buna görə 2400 manat cərimə ödəyəcək.

“Turan Tovuz” – “Səbail” oyununda “Səbail”in futbolçusu Qoba Zakpa qeyri-etik hərəkət etdiyinə görə 3 oyun cəzalanıb. Paytaxt klubu buna görə 1600 manat cərimə də ödəyəcək.

İntizam Komitəsi Birinci Divizionda mövsümün sonuncu – 30-cu turunun oyunları ilə də bağlı qərarlar qəbul edib:

“Mingəçevir” – “Səbail-2” oyununda “Səbail”in 5 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə paytaxt klubu 80 manat cərimə edilib.

MOİK – “Neftçi-2” oyununda MOİK-in 6 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə sözügedən klub 80 manat cərimə edilib.

“Sumqayıt-2” – “Kəpəz-2” oyununda əsasnamənin tələbləri pozulduğuna görə “Sumqayıt” klubu 80 manat cərimə edilib.