AFFA dörd nəfəri ömürlük futboldan kənarlaşdırdı

AFFA İntizam Komitəsi son dövrlərdə adı mərc qoyuluşlarında hallanan futbolçu və məşqçilərlə bağlı qərarlarını açıqlayıb.

Arena.az xəbər verir ki, bu gün keçirilən iclasda aşağıdakı qərarlar qəbul olunub:

Dörd nəfərə ömürlük cəza!

Birinci Liqa təmsilçisi “İrəvan”da çıxış edən Atlam Ege Adnan oğlu (01.05.1999-cu il təvəllüd) danışılmış oyunlarda iştiraka görə ömürlük müddətdə futbol ilə əlaqədar hər hansı fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilib.

“İrəvan”da çıxış edən Muradbəyli Fəhmin Surxay oğlu (16.03.1996-cı il təvəllüd) da danışılmış oyunlarda iştiraka görə ömürlük müddətdə futbol ilə əlaqədar hər hansı fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilib.

“Azərbaycan Qartalları” uşaq futbol klubunda məşqçi, 23.10.1995-ci il təvəllüdlü Həsənov Rüfət Elçin oğlu danışılmış oyunlarda iştiraka görə ömürlük müddətdə futbol ilə əlaqədar hər hansı fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilib.

26.06.1993-cü il təvəllüdlü Rüstəmov Yusif Vidadi oğlu danışılmış oyunlarda iştiraka görə ömürlük müddətdə futbol ilə əlaqədar hər hansı fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilib.

Məlumatlı olub, xəbər verməyənlər də cəzasız qalmadılar

“İrəvan”da çıxış edən 08.01.2002-ci il təvəllüdlü Məhərrəmov Ramin Faiq oğlu danışılmış oyun barədə məlumatı olub, müvafiq orqanlara məlumat vermədiyinə görə 1 il şərti olmaqla 2 il müddətdə futbol ilə əlaqədar hər hansı fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilib. Sınaq müddəti 1 il təyin edilib.

“İrəvan”da çıxış edən 14.09.1994-cü il təvəllüdlü Mirzəyev Kamal Nəsrullah oğlu danışılmış oyun barədə məlumatı olub, müvafiq orqanlara məlumat vermədiyinə görə 1 il şərti olmaqla 2 il müddətdə futbol ilə əlaqədar hər hansı fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilib. Sınaq müddəti 1 il təyin edilib.

İkinci Liqa təmsilçisi “Baku Sportinq”də çıxış edən 29.01.1996-ci il təvəllüdlü Rəhimov Vüqar Əlibaba oğlu danışılmış oyun barədə məlumatı olub, müvafiq orqanlara məlumat vermədiyinə görə 1 il şərti olmaqla 2 il müddətdə futbol ilə əlaqədar hər hansı fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilib. Sınaq müddəti 1 il təyin edilib.

İkinci Liqa təmsilçisi “Lerik”də çıxış edən 09.09.1992-ci il təvəllüdlü Ramazanlı Xətai Rəfail oğlu danışılmış oyun barədə məlumatı olub, müvafiq orqanlara məlumat vermədiyinə görə 1 il şərti olmaqla 2 il müddətdə futbol ilə əlaqədar hər hansı fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilib. Sınaq müddəti 1 il təyin edilib.

İkinci Liqa təmsilçisi “Qusar”ın vitse-prezidenti 16.11.1991-ci il təvəllüdlü Xudadatov Elvin Elşad oğlu mərc oyunlarında iştirak etdiyinə görə 1200 manat cərimə edilir, 2 il müddətdə futbol ilə əlaqədar hər hansı fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilib.

Xatırladaq ki, danışılmış oyunlar və futbol matçlarına mərc qoyuluşları ilə bağlı məlumatlar xeyli vaxt idi dolaşırdı. AFFA rəsmiləri də mütəmadi bu məsələ ilə bağlı faktların olduğunu təsdiqləyirdilər. Onlar araşdırmaların davam etdiyini bildirirdilər. Yekun qərarlar bu xəbərlərin heç də şayiə olmadığını bir daha təsdiqlədi.