AFFA “İmişli”nin legionerini 5 oyunluq cəzalandırdı

Bu gün AFFA İntizam Komitəsinin (İK) növbəti iclası keçirilib, Birinci Liqanın 26-cı turunun oyunlarına dair bir sıra qərarlar çıxarılıb.

Arena.az xəbər verir ki, İK 26-cı turun oyunlarındakı qayda pozuntularına aşağıdakı kimi hüquqi qiymət verib:

“Difai Ağsu” – MOİK oyununda “Difai Ağsu”nun 4 futbolçusu sarı vərəqə aldığına görə Ağsu klubu 70 manat cərimə edilib. MOİK-in də 4 futbolçusu sarı vərəqə aldığına görə “hərbçilər” 70 manat cərimə ediliblər.

“Zaqatala” – “İrəvan” oyununda “Zaqatala”nın azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığına görə sözügedən klub 80 manat cərimə edilib. Meydana kənar şəxslər daxil olduğuna görə “Zaqatala” klubu 80 manat cərimə edilib.

“Karvan” – “Mingəçevir” oyununda PFL Əsasnaməsinin tələbləri pozulduğuna görə “Karvan” klubu 50 manat cərimə edilib. Oyun bitdikdən sonra meydana kənar şəxslər daxil olduğuna görə Yevlax klubu 80 manat cərimə edilib.

“Araz Saatlı” – “İmişli” oyununda “Araz Saatlı”nın 4 futbolçusu sarı vərəqə aldığına görə Saatlı klubu 70 manat cərimə edilib. “İmişli”nin futbolçusu Gilyerme Silva təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldıqdan sonra rəqib futbolçunu vurmağa cəhd etdiyinə görə 4 oyun, həmçinin 17.04.2024-cü il tarixində təyin edilmiş 3 aylıq sınaq müddəti başa çatmamış növbəti dəfə qırmızı vərəqə aldığına görə həmin tarixdə verilmiş 1 oyunluq şərti cəza üzərinə əlavə edilməklə ümumilikdə 5 oyun cəzalanıb. “İmişli” klubu buna görə 300 manat cərimə edilib.

“Qaradağ Lökbatan” – “Şamaxı” oyununda “Şamaxı”nın 4 futbolçusu sarı vərəqə aldığına görə Şamaxı klubu 70 manat cərimə edilib. “Şamaxı”nın azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə sözügedən klub 150 manat cərimə edilib. “Şamaxı”nın azarkeşləri tərəfindən Lökbatan OİK stadionunda 3 ədəd oturacağın sındırılması, “Şamaxı” futbolçuları tərəfindən soyunub-geyinmə otağında 1 ədəd qapının yararsız hala salınması ilə bağlı Lökbatan OİK stadionuna dəymiş zərər “Şamaxı” klubu tərəfindən ödəniləcək. Oyun bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Qaradağ Lökbatan” klubu 80 manat cərimə edilib.