AFFA “İmişli”yə xəbərdarlıq etdi, Mürsəlovu 2 oyunluq cəzalandırdı

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib, iclasda Birinci Liqa çərçivəsində keçirilən oyunlarla bağlı qərarlar açıqlanıb.

Arena.az xəbər verir ki, aparılmış müzakirələrdən sonra Birinci Liqanın 19-cu turunun oyunlarındakı müxtəlif qayda pozuntularına hüquqi qiymət verilib:

“Qaradağ Lökbatan” – “İrəvan” oyununda “İrəvan”ın 4 futbolçusu sarı vərəqə aldığına görə sözügedən klub 70 manat cərimə edilib. “Qaradağ Lökbatan”ın azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə sözügedən klub 150 manat cərimə edilib. Oyun bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Qaradağ Lökbatan” klubu 80 manat cərimə edilib.

“Araz Saatlı” – “Mingəçevir” oyununda “Araz Saatlı”nın 4 futbolçusu sarı vərəqə aldığına görə Saatlı klubu 70 manat cərimə edilib.

“İmişli” – “Şamaxı” oyununda “Şamaxı”nın futbolçusu Əli Mürsəlov təcavüzkar davranışa görə (rəqibi aqressiv şəkildə itələdiyinə görə) birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb. “Şamaxı” klubu buna görə 150 manat cərimə ödəyəcək. “İmişli”nin futbolçusu Həzrət İsayev də ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb. “İmişli” klubu buna görə 50 manat cərimə edilib. Oyunun 63 və 80-ci dəqiqələrində “İmişli” klubunun azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirilib. Bu hal cari mövsümdə ilk dəfə yaşandığına görə AFFA İntizam Komitəsi “İmişli” klubuna xəbərdarlıq edib.

Xatırladaq ki, Birinci Liqada 19 turdan sonra “Qaradağ Lökbatan” vahid liderdir. MOİK 38 xalla 2-ci, “İmişli” isə 36 xalla 3-cüdür.