Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Arena.az xəbər verir ki, iclasda Azərbaycan Premyer Liqasının 2022/2023 mövsümünün sonuncu – 36-cı turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
“Səbail” – “Şamaxı” oyununda “Səbail”in futbolçusu Elmir Tağıyev təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanıb. “Səbail” klubu isə buna görə 3200 manat cərimə edilib.
“Səbail” – “Şamaxı” oyununda “Səbail”in 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə sözügedən klub daha 800 manat cərimə edilib.
“Səbail” – “Şamaxı” oyununda “Şamaxı”nın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə bu klub da 800 manat cərimə edilib.
Sözügedən oyun bitdikdən sonra “A buraxılışı” vəsiqəsi olmayan şəxslər dəhlizə daxil olduğuna görə “Səbail” klubu 800 manat cərimə edilib.
AFFA İntizam Komitəsi Azərbaycan Kubokunun “Neftçi” ilə “Qəbələ” arasında baş tutan final oyunu ilə də bağlı qərarlarını açıqlayıb:
Final oyunu bitdikdən sonra “Neftçi” azarkeşləri tərəfindən meydançaya kənar əşyanın atılmasına görə sözügedən klub 1600 manat cərimə edilib.
Final oyununun əlavə vaxtında “Neftçi” azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələrin işlədilməsinə görə “Neftçi” klubu 4000 manat cərimə edilib.