Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Arena.az xəbər verir ki, müzakirələrdən sonra Birinci Divizionun 5-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:
“Qəbələ” – “Zirə” oyununda qonaq komandanın nümayəndəsi 15 dəqiqə gecikdiyi üçün “Zirə” klubu 80 manat cərimə olunub. Polis nümayəndəsi də 15 dəqiqə gecikdiyi üçün “Qəbələ” klubu 40 manat cərimə olunub.
“Neftçi” – “Zaqatala” oyununda topdaşıyan uşaqlar oyun zamanı topla hərəkət etdiyi üçün “Neftçi” klubu 80 manat cərimə olunub.
MOİK – “Kəpəz” oyununda MOİK-in 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün bu klub 80 manat cərimə olunub. “Kəpəz”in futbolçusu Həsənov Mahir qeyri-idman hərəkətinə görə bir oyunda ikinci xəbərdarlıq almaqla qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. Gəncə klubu buna görə 20 manat cərimə olunub. “Kəpəz”in məşqçisi Orxan Verdiyev isə hakimlərə qarşı təhqiredici sözlər işlətdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırılıb. Bu üzdən o, 5 oyun cəzalanıb, klubu isə 400 manat cərimə olunub.
“Səbail” – “Qarabağ” oyununda “Qarabağ”ın futbolçusu Ruslan Bayramov rəqibi aşkar qol vurmaqdan məhrum etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. Buna görə Ağdam klubu da 20 manat cərimə olunub. Bu oyunda top və xərək daşıyan şəxslər komandaların paltardəyişmə otaqlarının yanında gəzdiyi, tuneldən istifadə edərək Zona-1 tələblərini pozduğu üçün “Səbail” klubu 80 manat cərimə olunub. Hakimlər otağında kənar şəxslərin oturmasına, yalnız hakimlərin gəlişindən sonra çıxmasına görə otağın təmizlənməsini bir neçə dəqiqə çəkib. Hakimlər buna görə gözlədiyi üçün “Səbail” klubu 80 manat cərimə olunub.