Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib, Azərbaycan Premyer Liqası və Əvəzedicilər Liqası ilə bağlı qərarlar açıqlanıb.
Arena.az xəbər verir ki, aparılmış müzakirələrdən sonra Premyer Liqanın 27-ci turunun matçları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:
Premyer Liqa
“Araz-Naxçıvan” – “Qəbələ” oyununda “Araz-Naxçıvan”ın futbolçusu Numan Kurdiç rəqibi aşkar qol imkanından məhrum etdiyi üçün birbaşa qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanıb. Naxçıvan klubu buna görə 800 manat cərimə edilib.
“Turan Tovuz” – “Qarabağ” oyunu bitdikdən sonra tunel, texniki zona və miks zonaya “A buraxılışı” vəsiqəsi olmayan şəxslər buraxıldığına görə Tovuz klubu 500 manat cərimə edilib. Bu oyunda “Qarabağ” azarkeşləri pirotexniki vasitədən istifadə etdiyinə görə Ağdam klubu 1500 manat cərimə edilib.
“Sumqayıt” – “Sabah” oyununda “Sumqayıt”ın 4 futbolçusu sarı vərəqə aldığına görə sözügedən klub 700 manat cərimə edilib.
Əvəzedicilər Liqası
AFFA İntizam Komitəsi Əvəzedicilər Liqasının 27-ci turu çərçivəsində keçirilmiş oyunlarla da bağlı cəzaları açıqlayıb:
“Turan Tovuz-2” – “Qarabağ-2” oyunu bitdikdən sonra Ağdam təmsilçisinin baş məşqçisi Cavad Mirzəbəyli hakimin qərarına etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə aldıqdan sonra hakimi təhqir etdiyinə görə 5 oyun cəzalanır. “Qarabağ” buna görə 400 manat cərimə ödəyəcək.
“Neftçi-2” – “Səbail-2” oyununda “Neftçi”nin azarkeşləri pirotexniki vasitədən istifadə etdiyinə görə sözügedən klub 150 manat cərimə edilib.