AFFA Medvedevi 1, Budaqovu 2 oyunluq cəzalandırdı

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Arena.az xəbər verir ki, aparılmış müzakirələrdən sonra Azərbaycan Premyer Liqasının 21-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

Azərbaycan Premyer Liqası, 21-ci tur

“Səbail” – “Qarabağ” oyununda “Qarabağ”ın 4 futbolçusu sarı vərəqə aldığına görə Ağdam klubu 700 manat cərimə edilib. Oyunun 66-cı dəqiqəsində “Qarabağ”ın futbolçusu Maksim Medvedev ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanıb. Ağdam klubu buna görə 500 manat cərimə ödəyəcək.

“Sabah” – “Turan Tovuz” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Sabah” klubu 800 manat cərimə edilib. Bu oyunda “Turan Tovuz”un azarkeşlərinin oturduğu sektorda sındırılmış 6 ədəd oturacaqla bağlı stadiona dəymiş zərər Tovuz klubu tərəfindən qarşılanacaq.

Əvəzedicilər Liqası, 21-ci tur

AFFA İntizam Komitəsi Premyer Liqa klublarının ikinci komandaları arasında keçirilən Əvəzedicilər Liqasının 21-ci turundakı qayda pozuntularına da hüquqi qiymət verib:

“Səbail-2” – “Qarabağ-2” oyununda “Səbail”in 6 futbolçusu sarı vərəqə aldığına görə sözügedən klub 70 manat cərimə edilib. “Qarabağ”ın da 4 futbolçusu sarı vərəqə aldığı üçün Ağdam klubu 70 manat cərimə ödəyəcək.

“Qəbələ-2” – “Zirə-2” oyununda “Qəbələ”nin futbolçusu İbrahim Ramazanov rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb. “Qəbələ” buna görə 80 manat cərimə edilib. “Qəbələ”nin digər futbolçusu İlkin Budaqov da ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb. “Qəbələ” ona görə də 150 manat cərimə ödəyəcək.

“Kəpəz-2” – “Araz-Naxçıvan-2” oyunu təhlükəsizlik nümayəndəsi olmadığına görə 5 dəqiqə gec başladığı üçün Gəncə” komandası 100 manat cərimə edilib.