AFFA Musayevi 2 oyunluq cəzalandırdı, “Neftçi”ni cərimə etdi

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib və Premyer Liqanın 23-cü turundakı neqativ hallarla bağlı müzakirələr aparılıb. Arena.az xəbər verir ki, uclasda müzakirələrdən sonra Premyer Liqanın 23-cü turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

Premyer Liqa

“Kəpəz” – “Şamaxı” oyununda “Kəpəz”in topdaşıyanları topları oyunçulara ötürərkən vaxtı uzatdıqlarına görə Gəncə klubuna xəbərdarlıq edilib.

“Neftçi” – “Səbail” oyununda “Səbail”in 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə edilib.

“Neftçi”nin azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr işlədildiyinə görə klub 4000 manat cərimə edilib.

Oyundan əvvəl meydançanın vaxtında sulanmamasına görə meydan sahibi kluba xəbərdarlıq edilib.

“Sabah” – “Turan Tovuz” oyununda “Turan Tovuz”un 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə edilib.

“Sabah”ın texniki zonasından meydançaya kənar əşyanın atılmasına görə klub 1600 manat cərimə edilib.

“Sabah”ın baş məşqçisi Murad Musayev texniki zona qaydalarını pozaraq hakimə etiraz etdiyinə görə ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalandırılıb. Paytaxt klubu buna görə də 1600 manat cərimə edilib.

Birinci Divizion

AFFA İntizam Komitəsi Birinci Divizionun 18-ci turunun oyunları ilə də bağlı qərarlarını açıqlayıb:

“Sumqayıt-2” – “Turan Tovuz-2” oyununda “Sumqayıt”ın futbolçusu Nurlan Bayramov birbaşa qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalandırılıb, klubu 160 manat cərimə edilib.

“Kəpəz-2” – “Qəbələ-2” oyununda Təcili Tibbi Yardım maşınının oyuna gecikməsinə görə meydan sahibi klub 160 manat cərimə edilib.

“İmişli” – MOİK oyununda MOİK-in 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə edilib. “İmişli”nin diktoru tərəfindən əsasnamənin pozulmasına görə “İmişli” klubu 40 manat cərimə edilib.

“Zaqatala” – “Qaradağ Lökbatan” oyununda polis nümayəndəsinin oyuna gecikməsinə görə “Zaqatala” klubu 160 manat cərimə edilib.

“Şamaxı-2” – “Araz Naxçıvan” oyununda “Araz Naxçıvan”ın nümayəndəsi iclasa gəlmədiyinə görə klub 80 manat cərimə edilib. “Şamaxı”nın 4 oyunçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə edilib. “Araz Naxçıvan”ın 4 oyunçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə edilib.

“Neftçi-2” – “Səbail-2” oyununda “Səbail”in futbolçusu Bəşir Ayralov təcavüzkar davranışa görə qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalandırılıb, klubu 160 manat cərimə edilib.