Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib, Premyer Liqa və Əvəzedicilər Liqası ilə bağlı müxtəlif qərarlar qəbul olunub.
Arena.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Azərbaycan Premyer Liqasının 7-ci turunun oyunlarında qeydə alınmış qayda pozuntularına aşağıdakı hüquqi qiymətlər verilib:
“Turan Tovuz” – “Araz-Naxçıvan” oyununda “Araz-Naxçıvan”ın 5 futbolçusu sarı vərəqə aldığına görə Naxçıvan komandası 700 manat cərimə edilib. Meydançaya kənar əşyalar atıldığına görə “Turan Tovuz” 800 manat cərimə edilib.
“Səbail” – “Sabah” oyununda “Səbail”in 7 futbolçusu sarı vərəqə aldığına görə sözügedən klub 700 manat cərimə edilib. “Səbail”in azarkeşləri tərəfindən hakimlərin və qonaq komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ilk dəfə yaşandığına görə “Səbail”ə xəbərdarlıq edilib. “Sabah”ın 4 futbolçusu sarı vərəqə aldığına görə sözügedən klub 700 manat cərimə edilib.
“Sumqayıt” – “Zirə” oyununda Əsasnamənin tələbləri pozulduğuna görə “Sumqayıt” klubu 500 manat cərimə edilib.
Əvəzedicilər Liqası, 7-ci tur
“Neftçi-2” – “Qarabağ-2” oyununda “Qarabağ”ın futbolçusu Zaman Zamanlı ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb. Onun komandası buna görə 150 manat cərimə ödəyəcək.
“Turan Tovuz-2” – “Araz-Naxçıvan-2” matçının oyunöncəsi iclasında təhlükəsizlik nümayəndəsi iştirak etmədiyinə görə Tovuz komandası 80 manat cərimə edilib.
“Səbail-2” – “Sabah-2” oyununda “Səbail”in futbolçusu Fərid Şahhüseyni ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb. Onun klubu bu üzdən 150 manat cərimə edilib. Oyunun 2-ci hissəsi “Sabah” komandasının meydançaya gec çıxması səbəbindən gec başladığına görə sözügedən klub 150 manat cərimə edilib.
“Sumqayıt-2” – “Zirə-2” oyununda “Sumqayıt”ın futbolçusu Kənan Feyziyev rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb. Futbolçunun komandası isə buna görə 80 manat cərimə ödəməlidir.