AFFA Premyer Liqa klublarını və əvəzedicilərini cərimələdi

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Arena.az xəbər verir ki, müzakirələrdən sonra Azərbaycan Premyer Liqasının 20-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

“Kəpəz” – “Qarabağ” oyununda “Kəpəz”in 5 futbolçusu sarı vərəqə aldığına görə Gəncə klubu 700 manat cərimə edilib.

“Zirə” – “Sabah” oyununda “Sabah”ın futbolçusu Elvin Camalov ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanıb, klubu 500 manat cərimə edilib.

“Neftçi” – “Qəbələ” oyununda “Qəbələ”nin 5 futbolçusu sarı vərəqə aldığına görə əyalət klubu 700 manat cərimə edilib. “Qəbələ”nin futbolçusu Zurab Oçiqava rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb. “Qəbələ” klubu buna görə də 800 manat cərimə edilib. Oyun bitdikdən sonra “Qəbələ”nin futbolçusu Əyyub Allaş hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun şərti olmaqla 4 oyun cəzalanıb. “Qəbələ” buna görə 3000 manat cərimə ödəyəcək. Sınaq müddəti 3 ay təyin edilib.

“Turan Tovuz”un futbolçuları bir-birini vurdular, 4 oyunluq cəza aldılar

AFFA İntizam Komitəsi Əvəzedicilər Liqasının 20-ci turunun oyunları ilə də bağlı qərarlar qəbul edib:

“Turan Tovuz-2” – “Səbail-2” oyununda “Turan Tovuz”un futbolçusu Budaq Nəsirov təcavüzkar davranışa (komanda yoldaşını vurduğu üçün) görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanıb. “Turan Tovuz” buna görə 300 manat cərimə edilib. “Turan Tovuz”un qapıçısı Elxan Qasımov təcavüzkar davranışa (komanda yoldaşını vurduğu üçün) görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanıb. “Turan Tovuz” klubu ona görə də 300 manat cərimə ödəyəcək.

“Zirə-2” – “Sabah-2” oyununda “Zirə”nin futbolçusu Yelmar Aşurov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb. “Zirə” bu üzdən 50 manat cərimə edilib. “Zirə”nin futbolçusu Emil Bayramov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, klubu 50 manat cərimə edilib. Bu oyunda PFL Əsasnaməsinin tələbi pozulduğu üçün “Zirə” 50 manat cərimə edilib.

“Qarabağ-2” – “Kəpəz-2” oyununda “Qarabağ”ın futbolçusu Musa Musazadə təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanıb. Ağdam komandası buna görə 300 manat cərimə edilib. Bu oyunda xərəkdaşıyanlar olmadığına görə “Qarabağ” klubu 80 manat cərimə edilib.

“Neftçi-2” – “Qəbələ-2” oyununda “Qəbələ”nin 4 futbolçusu sarı vərəqə aldığı üçün “Qəbələ” 70 manat cərimə edilib.