Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Arena.az xəbər verir ki, aparılan müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul edilib:
Azərbaycan Premyer Liqası, 9-cu tur
“Qəbələ” – “Qarabağ” oyununda “Qəbələ”nin azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığına görə sözügedən klub 1600 manat cərimə olunub. “Qəbələ”nin futbolçusu İlkin Qırtımov ciddi qayda pozuntusu etdiyinə görə qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb. Onun klubu isə buna görə 1600 manat cərimə olunub.
“Neftçi” – “Turan Tovuz” oyununda “Neftçi”nin azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığına görə paytaxt klubu 1600 manat cərimə olunub. “Turan Tovuz”un 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunub.
“Zirə” – “Şamaxı” oyununda “Şamaxı”nın futbolçusu Rövşən Şahmuradovun formasında adının və ya soyadının yazılmaması səbəbi ilə sözügedən klub 3000 manat cərimə olunub.
Birinci Divizion, 7-ci tur
“Araz Naxçıvan” – “Turan Tovuz-2” oyununa təcili tibbi yardım briqadasının gecikməsi səbəbi ilə “Araz Naxçıvan” klubu 160 manat cərimə olunub. “Turan Tovuz-2” komandasının 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığına görə Tovuz klubu 80 manat cərimə olunub. “Araz Naxçıvan”ın futbolçusu Xəyal Tomarov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub.
“Qaradağ Lökbatan” – “Kəpəz-2“ oyununda “Kəpəz”in 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığına görə Gəncə klubu 80 manat cərimə olunub.
“Səbail 2” – “Şamaxı 2” oyunu bitdikdən sonra meydana kənar şəxslərin daxil olması səbəbindən “Səbail” klubu 160 manat cərimə olunub. “Səbail-2” komandasının baş məşqçi Asif Mirili hakimə etiraz etdiyinə görə qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. “Səbail” klubu buna görə 80 manat cərimə olunub.
“Zaqatala” – “Qarabağ-2” oyununda təcili tibbi yardım briqadası oyuna vaxtında gəlmədiyi üçün “Zaqatala” klubu 160 manat cərimə olunub.
“MOİK” – “Zirə-2” oyununda “Zirə” oyun öncəsi elektron protokolu sistemə vaxtında ötürmədiyi üçün 80 manat cərimə olunub.