AFFA “Qəbələ” və “Neftçi”ni azarkeşlərinə görə cərimələdi

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Arena.az xəbər verir ki, iclasda futbol üzrə Azərbaycan Premyer Liqasının və Birinci Divizonunun son turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib.

Azərbaycan Premyer Liqası, 26-cı tur

“Qəbələ” – “Neftçi” oyununda “Qəbələ”nin azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr işlədildiyi üçün klub 4000 manat cərimə olunub.

“Neftçi”nin azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr işlədildiyi üçün klub 4000 manat cərimə olunub.

“Neftçi”nin azarkeşləri tərəfindən meydana pirotexniki vasitə atıldığı üçün klub 1600 manat cərimə olunub.

Birinci Divizion, 25-ci tur

MOİK – “Neftçi-2” oyununda “Neftçi”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunub. “Neftçi”nin futbolçusu Seymur Əliyev ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb. Klub isə buna görə 160 manat cərimə olunub.

“Zirə-2” – “Şamaxı-2” oyununda “Şamaxı” komandası vaxtında protokolu tərtib etmədiyi üçün klub 80 manat cərimə olunub.

“Qəbələ-2” – “Qarabağ-2” oyununda “Qəbələ”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunub. “Qəbələ”nin futbolçusu Aqil Nəsibov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub. “Qarabağ”ın futbolçusu Zamiq Əliyev rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. Ağdam klubu buna görə 20 manat cərimə olunub.