AFFA “Qarabağ”ı finalda baş verənlərə görə 8000 cərimə etdi

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Arena.az xəbər verir ki, iclasda Azərbaycan Premyer Liqasının 2021/22 mövsümünün sonuncu – 28-ci turu ilə bağlı aşağıdakı qərarlar qəbul olunub.

“Zirə” – “Şamaxı” oyununda “Zirə”nin futbolçusu Hamidu Keyta aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 2 oyun şərti olmaqla 4 oyun cəzalanıb. Onun klubu isə buna görə 3200 manat cərimə olunub. Sınaq müddəti 3 ay təyin edilib.

“Qarabağ” – “Neftçi” oyununda “Neftçi”nin 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunub.

AFFA İntizam Komitəsi Azərbaycan kubokunun “Qarabağ” və “Zirə” komandaları arasında baş tutan final oyunu ilə də bağlı qərarlarını açıqlayıb. Yekunda penaltilərlə kubokun qalibi olan Ağdam təmsilçisi həlledici matçda baş verənlərə görə bütövlükdə 8 min AZN cərimə olunub:

“Qarabağ” – “Zirə” oyununda “Qarabağ”ın azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr işlədildiyi üçün klub 4000 manat cərimə olunub.

Təcili tibbi yardım nümayəndəsi oyuna təyin olunan vaxtdan gec gəldiyi üçün meydan sahibi klub 3200 manat cərimə olunub.

“Qarabağ”ın azarkeşləri pirotexnikadan istifadə etdiyi üçün klub 800 manat cərimə olunub.

“Zirə”nin məşqçisi Eltun Yaqublu cəzalı olduğu halda meydana daxil olduğu üçün cəzasının üzərinə 1 oyun əlavə olunub, klubu 800 manat cərimə olunub.

“Zirə”nin 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunub.