AFFA “Qarabağ”la “Neftçi”ni azarkeşlərinə görə cərimələdi

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Arena.az xəbər verir ki, müzakirələrdən sonra Azərbaycan Premyer Liqasının 32-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

“Kəpəz” – “Sumqayıt” oyununda rəqib futbolçuların ünvanına “Kəpəz” azarkeşləri tərəfindən kütləvi şəkildə qeyri-etik ifadələrin işlədilməsinə görə Gəncə klubu 4000 manat cərimə edilib. “Kəpəz” azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığına görə Gəncə klubu 1600 manat cərimə edilib.

“Sabah” – “Şamaxı” oyununda “Sabah”ın baş məşqçisi Murad Musayev ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanıb. Paytaxt klubu buna görə 800 manat cərimə də edilib. Oyun bitdikdən sonra “Sabah”ın məşqçisi Vitali Kovalyov hakimin qərarına etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb. Klub buna görə də 800 manat cərimə edilib. Meydançaya kənar əşya atıldığına görə “Sabah” klubu 1600 manat cərimə edilib.

“Zirə” – “Turan Tovuz” oyununda “Turan Tovuz”un 5 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə klub 800 manat cərimə edilib.

“Neftçi” – “Qarabağ” oyununda “Neftçi”nin futbolçusu Voyislav Stankoviç təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb. Paytaxt klubu buna görə 1600 manat cərimə ödəyəcək. “Neftçi” azarkeşləri tərəfindən meydançaya yad əşya atıldığına görə paytaxt klubu 1600 manat cərimə edilib. “Neftçi” – “Qarabağ” oyununda “Neftçi” azarkeşləri tərəfindən kütləvi şəkildə rəqib futbolçuların ünvanına qeyri-etik ifadələr işlədildiyinə görə paytaxt klubu 4000 manat cərimə edilib. Oyun bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə “Neftçi” klubu 1600 manat cərimə edilib. “Qarabağ” klubunun azarkeşləri tərəfindən meydançaya yad əşya atıldığına görə Ağdam klubu 1600 manat cərimə edilib. “Qarabağ” azarkeşləri tərəfindən kütləvi şəkildə rəqibin ünvanına qeyri-etik ifadələr işlədildiyinə görə Ağdam klubu 4000 manat cərimə edilib.

Xəbəri sosial şəbəkələrdə paylaş: