Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib, İkinci Liqanın 17-ci turunun oyunları ilə bağlı müxtəlif qərarlar açıqlanıb.
Arena.az xəbər verir ki, aparılmış müzakirələrdən sonra 17-ci turun oyunlarında qeydə alınmış qayda pozuntularına aşağıdakı kimi hüquqi qiymət verilib:
“Şahdağ Qusar” – “Şəki Siti” oyununda “Şəki Siti” klubunun rəsmi şəxsləri “A Buraxılışı” vəsiqəsi taxmadığına görə Şəki klubu 50 manat cərimə edilib. Oyun bitdikdən sonra “Şəki Siti”nin futbolçusu Yusif Cəfərov rəqib komandanın üzvünə fiziki təsir göstərməyə cəhd etdiyinə görə 2 oyun cəzalanıb. Onun klubu isə buna görə 200 manat cərimə edilib.
“Qusar” – “Kürmük Qax” oyununda topdaşıyanların say limiti pozulduğuna görə Qusar klubu 80 manat cərimə edilib.
“Kür-Araz” – “Cəbrayıl” oyununun 45-ci dəqiqəsində “Cəbrayıl”ın qapıçısı Fərman Bayramov rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb. “Cəbrayıl” klubu buna görə 80 manat cərimə ödəyəcək. “Kür-Araz”ın azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə sözügedən klub 150 manat cərimə edilib.