Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Arena.az xəbər verir ki, müzakirələrdən sonra Azərbaycan Premyer Liqasının 34-cü turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
“Qəbələ” – “Turan Tovuz” oyununda “Qəbələ”nin futbolçusu Ürfan Abbasov ikinci sarı vərəqədən qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanıb. Onun klubu isə 200 manat cərimə edilib.
“Səbail” – “Qarabağ” oyununda ictimai təhlükəsizlik düzgün təşkil edilmədiyinə görə “Səbail” klubu 4000 manat cərimə edilib. Oyun bitdikdən sonra kənar şəxslər meydançaya daxil olduğuna görə Ağdam klubu 1600 manat cərimə edilib. Oyun bitdikdən sonra “Qarabağ”ın azarkeşləri pirotexniki vasitlərdən istifadə etdiyinə görə Ağdam klubu 800 manat cərimə edilib. Oyun bitdikdən sonra VAR sisteminin naqillərinin pirotexniki vasitənin yanması nəticəsində zədələnməsinə görə dəymiş zərər Ağdam klubu tərəfindən qarşılanacaq.
“Sumqayıt” – “Sabah” oyununda “Sumqayıt”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə sumqayıtlılar 800 manat cərimə edilib.
Birinci Divizion komandaları da cəzasız qalmadılar
AFFA İntizam Komitəsi Birinci Divizionun 29-cu turunun oyunlarındakı pozuntularla da bağlı qərarlar qəbul edib:
“Neftçi-2” – “Araz Naxçıvan” oyununda “Neftçi”nin futbolçusu Həbib İsmayılov ikinci sarı vərəqədən qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanıb. Paytaxt təmsilçisi buna görə 20 manat cərimə edilib. “Araz Naxçıvan”ın futbolçusu Emil Bayramov da ikinci sarı vərəqədən qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanıb, komandası 20 manat cərimə edilib.
“Zaqatala” – “Qəbələ-2” oyununda “Zaqatala”nın futbolçusu Kənan Müslümov rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb. Onun komandası isə buna görə 20 manat cərimə ödəyəcək. “Zaqatala”nın azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə “Zaqatala klubu 80 manat cərimə edilib. “Qəbələ”nin 5 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə sözügedən klub 80 manat cərimə edilib. Oyun bitdikdən sonra “Qəbələ”nin qapıçılar üzrə məşqçisi Elçin Rzazadə oyunun rəsmi şəxslərinə qarşı qeyri-etik ifadələr işlətdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 5 oyun cəzalanıb. Onun klubu isə buna görə 400 manat cərimə edilib.
“Səbail-2” – MOİK oyununda “Səbail”in 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə, sözügedən klub 80 manat cərimə ödəyəcək. MOİK-in futbolçusu Elşən Veysov ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb. Onun klubu isə buna görə 160 manat cərimə edilib.
“Qaradağ Lökbatan” – “Mingəçevir” oyununda “Qaradağ Lökbatan”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə klub 80 manat cərimə edilib.
“Sumqayıt-2” – “Şamaxı-2” oyununda “Sumqayıt”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə sözügedən klub 80 manat cərimə edilib.
“İmişli” – “Zirə-2” oyununa Təcili Tibbi Yardım təyin olunan vaxtdan gec gəldiyinə görə “İmişli” klubu 40 manat cərimə edilib. “İmişli”nin azarkeşləri pirotexniki vasitələrdən istifadə etdiyinə görə əyalət klubu 80 manat cərimə edilib. Meydançaya kənar əşyalar atıldığına görə “İmişli” klubu 160 manat cərimə edilib.