Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) Apellyasiya Arbitraj Tribunalı 3 klubla bağlı qərarlarını açıqlayıb.
Arena.az bu barədə qurumun rəsmi saytına istinadən xəbər verir.
Belə ki, aprelin 4-də baş tutmuş futzal üzrə Yüksək Liqanın “Neftçi” İK – “Şuşa” matçında meydan sahiblərinin oyunçusu Emil Həsənzadə oyunun 34-cü dəqiqəsində təcavüzkar davranış səbəbindən birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalandırılması barədə AFFA İntizam Komitəsinin qərarı qüvvədə saxlanılıb.
Apellyasiya və Arbitraj Tribunalı həmçinin “Şəfa”nın futbolçusu Ebru Əmirova barəsində verilən qərardan şikayəti də təmin etməyib. U-15 Qızlar liqasının 1/4 final mərhələsində keçirilmiş “Şəfa” – “Ümid” oyununun 36-cı dəqiqəsində meydan sahiblərinin futbolçusu Ebru Əmirova rəqib komandanın rəsmi şəxsini təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq oyundan kənarlaşdırıldığı üçün 4 oyun cəzalandırılıb. Bu barədə AFFA İntizam Komitəsinin qərarı qüvvədə saxlanılıb.
U-15 Liqasının “Şamaxı” – “Metak” oyununda meydan sahiblərinin heyətində adı protokolda qeyd edilməyən, lakin qeydiyyatda olan məşqçi Vüqar Süleymanov meydana daxil olaraq rəqib komandanın bir neçə azyaşlı futbolçusunu yumruqla vurduğuna görə AFFA İntizam Məcəlləsinin 1-ci maddəsinin icazə verdiyi müstəsna hal nəzərə alınaraq sözügedən şəxsin 1 il müddətinə futbolla bağlı hər hansı fəaliyyətdən məhrum edilməsi, müstəsna hal olaraq 500 manat cərimələnməsi, “Şamaxı”nın növbəti ev oyununun azarkeşsiz keçirilməsi barəsində İntizam Komitəsinin 23.04.2025-ci il tarixli qərarları ləğv edilib. İntizam Komitəsi tərəfindən tətbiq olunan AFFA İntizam Məcəlləsinin müvafiq maddələrinə uyğun hallar nəzərə alınaraq düzgün hüquqi qiymət verilməsi üçün iş yenidən baxılmaq üçün İntizam Komitəsinə qaytarılıb. Apellyasiya şikayəti qalan hissədə təmin edilməyib.