Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib, iclasda Premyer Liqa və Əvəzedicilər Liqası ilə bağlı qərarlar açıqlanıb.
Arena.az xəbər verir ki, aparılmış müzakirələrdən sonra Azərbaycan Premyer Liqasının 28-ci turunun oyunlarına dair aşağıdakı qərarlar qəbul olunub:
“Səbail” – “Turan Tovuz” oyununda “Turan Tovuz”un 4 futbolçusu sarı vərəqə aldığına görə Tovuz klubu 700 manat cərimə edilib.
“Sumqayıt” – “Araz-Naxçıvan” oyununda “Sumqayıt”ın 4 futbolçusu sarı vərəqə aldığına görə sözügedən klub 700 manat cərimə edilib. “Sumqayıt”ın məşqçisi Seymur Rəhimov hakimin qərarına etiraza görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb, klubu 1500 manat cərimə edilib.
AFFA İntizam Komitəsinin Əvəzedicilər Liqasının 28-ci turunun oyunlarına dair çıxardığı qərarlar isə bunlardır:
“Qəbələ-2” – “Neftçi-2” oyununun 87-ci dəqiqəsində “Qəbələ”nin futbolçusu Sənan Ağalarov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb. “Qəbələ-2” buna görə 50 manat cərimə edilib. “Neftçi”nin 6 futbolçusu sarı vərəqə aldığına görə sözügedən klub 70 manat cərimə edilib.
“Kəpəz-2” – “Qarabağ-2” oyununa Təcili Tibbi Yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyinə görə Gəncə komandası 100 manat cərimə edilib.
“Səbail-2” – “Turan Tovuz-2” oyununda Turan komandasının futbolçusu Raul Məmmədov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, Tovuz klubu 50 manat cərimə edilib. “Səbail-2” komandası matçın ilkin protokolunu PFL-in elektron bazasında gec təsdiq etdiyinə görə sözügedən klub 100 manat cərimə edilib.
“Sumqayıt-2” – “Araz-Naxçıvan-2” oyununun 4-cü dəqiqəsində “Araz-Naxçıvan”ın futbolçusu Vüsal Şabanov rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb. Naxçıvan komandası buna görə 80 manat cərimə ödəyəcək.