AFFA “Sumqayıt”ı 4 dəqiqəlik gecikməyə görə cərimələdi

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib, Premyer Liqa və Əvəzedicilər Liqası ilə bağlı qərarlar açıqlanıb.

Arena.az xəbər verir ki, müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul olunub:

Misli Premyer Liqası, 23-cü tur

“Sabah” – “Kəpəz” oyununda “Kəpəz”in 5 futbolçusu sarı vərəqə aldığına görə Gəncə klubu 700 manat cərimə edilib. Bu oyunda meydançaya kənar şəxs daxil olduğuna görə “Sumqayıt” klubu 800 manat cərimə edilib. Oyunun 2-ci hissəsi “Sumqayıt”ın meydançaya gec daxil olması səbəbindən 4 dəqiqə gec başladığı üçün sözügedən klub 1500 manat cərimə edilib.

Əvəzedicilər Liqası, 23-cü tur

“Səbail-2” – “Araz-Naxçıvan-2” oyununda “Səbail”in 4 futbolçusu sarı vərəqə aldığına görə sözügedən komanda 70 manat cərimə edilib. “Araz-Naxçıvan”ın futbolçusu Nihad Əmrahzadə ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb. “Araz-Naxçıvan” komandası buna görə 50 manat cərimə edilib.

“Qəbələ-2” – “Qarabağ-2” oyununda “Qarabağ”ın futbolçusu İbrahim Camalov ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb. Ağdam komandası buna görə 150 manat cərimə edilib.

“Neftçi-2” – “Zirə-2” oyununda “Zirə”nin 5 futbolçusu sarı vərəqə aldığına görə sözügedən komanda 70 manat cərimə edilib.

“Sumqayıt-2” – “Turan Tovuz-2” oyununda “Sumqayıt”ın 4 futbolçusu sarı vərəqə aldığına görə sözügedən komanda 70 manat cərimə edilib.

Digər liqalar

AFFA-nın bayrağı altında təşkil olunmuş müxtəlif yarışlarla da bağlı bəzi diqqət çəkən cəzalar var. Həmin qərarları təqdim edirik:

Region Liqasının “Mil” (Beyləqan) – “Ümid” (Saatlı) oyununda “Mil”in rəhbəri Röyal Babayev hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 5 oyun cəzalanıb.

Region Liqasının “Göyəzən” – “Bərdə” oyunununda “Bərdə”nin futbolçusu Rəcəb Zaidov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanıb.

Region Liqasının “Lokomotiv Baku” – İCBFA oyunununda “Lokomotiv Baku”nun futbolçusu Əli Nəzərovun əvəzinə protokolda adı qeyd edilməyən futbolçu iştirak etdiyinə görə “Lokomotiv Baku”ya 0:3 hesablı texniki məğlubiyyət verilib.

U-14 Liqasının “Qafqaz Arena” – “Viktoriya Zaqatala” oyunu “Viktoriya Zaqatala” təyin edilən vaxtda meydanda olmadığına görə baş tutmadığı üçün bu komandaya 0:3 hesablı texniki məğlubiyyət verilib. “Viktoriya Zaqatala” komandası artıq 3-cü dəfədir ki oyuna çıxmadığına görə komanda yarışdan kənarlaşdırılıb.

U-11 Liqasının “Şəmkir” – UGİŞM (Tovuz) oyunu UGİŞM təyin edilən vaxtda meydanda olmadığına görə baş tutmadığı üçün bu komandaya 0:3 hesablı texniki məğlubiyyət verilib.

U-17 Qızlar Liqasının “Sumqayıt” – “Sabah” oyunu “Sumqayıt”ın heyətində yetərsay olmadığına görə baş tutmadığı üçün bu komandaya 0:3 hesablı texniki məğlubiyyət verilib.