AFFA “Turan Tovuz”la bağlı bəyanat yaydı: “Tədbir görüləcək”

AFFA futbol üzrə Azərbaycan Premyer Liqasının 24-cü turunun “Şamaxı” – “Turan Tovuz” oyunu ilə bağlı bəyanat yayıb.

Arena.az xəbər verir ki, qurumun rəsmi saytındakı açıqlamada bunlar qeyd olunub:

“Ölkə ərazisində qarlı hava şəraiti ilə əlaqədar oyunların keçiriləcəyi stadionlarda müəyyən çətinliklər yaranıb. Azərbaycan Premyer Liqasının 24-cü turunun “Şamaxı” – “Turan Tovuz” oyununun keçirildiyi Şamaxı şəhərində güclü qar yağmasına baxmayaraq, stadion qardan təmizlənib və oyuna hazır vəziyyətə gətirilib.

Azərbaycan Premyer Liqasının Əsasnaməsində oyun canlı yayımlanmasa və ya VAR sistemi tətbiq olumasa, matçın keçirilməməsi ilə bağlı heç bir şərt yoxdur. Belə ki, meydançanın durumu imkan verdiyi halda, komandalar, hakimlər, hakim-inspektor, AFFA nümayəndəsi, təcili-tibbi yardım maşını stadionda olduğu təqdirdə, həmçinin təhlükəsizliklə bağlı hər hansı problem olmasa, oyun baş tutmalıdır.

“Turan Tovuz” PFK-nın “Şamaxı” ilə oyundan əvvəlki bəyanatı AFFA-nı məyus edir. Artıq birinci dəfə deyil ki, “Turan Tovuz” PFK hakimlərlə bağlı xoşagəlməz fikirlər səsləndirir. Əgər “Turan Tovuz” PFK-nın bununla bağlı hər hansı faktları və sübutları varsa, klubdan xahiş olunur ki, ən qısa müddətdə AFFA-ya təqdim olunsun. Əks halda məsələyə İntizam Komitəsi tərəfindən baxılacaq və müvafiq tədbirlər görüləcək”.

Xatırladaq ki, “Turan Tovuz” bu gün yaydığı açıqlamada “Şamaxı” ilə matçın təxirə salınmasını istəmişdi. Amma PFL Tovuz klubunun bu istəyini nəzərə almamışdı. Görüşün yekununda “Turan Tovuz” “Şamaxı”ya 1:0 hesabıyla qalib gəlib.