AFFA “Turan Tovuz”u 20 min manat cərimələdi

AFFA İntizam Komitəsi futbol üzrə Azərbaycan Premyer Liqasında mübarizə aparan “Turan Tovuz” klubu ilə bağlı yeni qərarını açıqlayıb.

Arena.az bu barədə qurumun rəsmi saytına istinadən xəbər verir.

İK-nın çıxardığı qərarla bağlı açıqlamada bunlar qeyd olunub:

“23 fevral 2025-ci il tarixində Azərbaycan Premyer Liqasında 24-cü turun “Şamaxı” – “Turan Tovuz” oyunu öncəsi “Turan Tovuz” PFK-nın rəsmi “Facebook” səhifəsində və veb-saytında AFFA və PFL-in nüfuzuna xələl gətirən, həmçinin AFFA, PFL və onların bayrağı altında keçirilən yarışların şəffaflığını sual altına alan açıqlama paylaşılmışdır.

Klubun rəsmi səhifəsindən yayımlanan bu bəyanat cəmiyyət arasında AFFA və PFL-in fəaliyyəti ilə bağlı mənfi rəy formalaşdırmağa yönəlmiş, futbolun idarəedici qurumlarının qərarlarının obyektivliyinə dair şübhələr yaratmışdır.

AFFA İntizam Komitəsi məsələni araşdıraraq aşağıdakı məqamları müəyyən etmişdir:

  • AFFA və PFL-in nüfuzuna zərər vurulması: Klubun rəsmi açıqlaması AFFA və PFL-in idarəçilik və təşkilati fəaliyyətini gözdən salmağa yönəlmiş, futbol ictimaiyyəti arasında bu qurumların qərarlarının qeyri-obyektiv olduğu təsəvvürü yaratmağa çalışmışdır.
  • Oyunun təxirə salınması ilə bağlı tələbin əsaslı olmaması: AFFA və PFL-in müəyyən etdiyi qaydalara əsasən, oyunların təxirə salınması üçün yalnız meydançanın oyuna yararsız olması və ya təhlükəsizlik baxımından ciddi risklər mövcud olduqda qərar verilə bilər. Hava şəraitinin dəyişkən olması, VAR sisteminin olmaması və ya canlı yayımın təmin edilməməsi oyunun keçirilməməsi üçün əsas hesab edilmir.
  • AFFA tərəfindən klubun əvvəlcədən xəbərdar edilməsi: “Turan Tovuz” PFK-nın oyundan əvvəl verdiyi açıqlamadan sonra AFFA bu bəyanatın yolverilməz olduğunu bildirmiş, klubun məsələ ilə bağlı konkret sübutlar təqdim etməsinin vacibliyini vurğulamışdır. Klub tərəfindən heç bir sübut təqdim edilmədiyi halda, bu cür açıqlamaların davam etdirilməsi İntizam Komitəsinin araşdırma aparmasını zəruri etmişdir.

“Daha sərt intizam tədbirləri…”

İntizam Komitəsi qeyd olunan halları nəzərə alaraq qərara alır ki:

AFFA və PFL-in işgüzar nüfuzuna xələl gəlməsinə gətirib çıxardan hərəkətlərə yol verdiyinə görə “Turan Tovuz” PFK 20000 (iyirmi min) manat məbləğində cərimə edilsin (maddə 47, İntizam Komitəsi Əsasnaməsinin 2.4-cü bəndi (anoloji halın tətbiqi ilə birlikdə).

AFFA bir daha vurğulayır ki, bütün klublar oyunların keçirilməsi və təşkilinə dair qaydalara riayət etməli, ictimaiyyət arasında yanlış təsəvvür formalaşdıracaq və futbol idarəçiliyinin şəffaflığını sual altına alacaq əsassız iddialardan çəkinməlidirlər. Əks halda, bu kimi hallar gələcəkdə daha sərt intizam tədbirləri ilə nəticələnə bilər.

Açıqlamada o da qeyd olunur ki, İntizam Komitəsinin qərarından apellyasiya şikayəti bu barədə bildiriş verildikdən sonra 15 (on beş) gün ərzində Apellyasiya Arbitraj Tribunalın İntizam Palatasına verilə bilər.

Xatırladaq ki, “Turan Tovuz”un səfərdə “Şamaxı”nı 1:0 hesabı ilə məğlub etdiyi Azərbaycan Premyer Liqasının 24-cü turunun oyunu TV vasitəsi ilə canlı yayımlanmayıb və matçda video köməkçi hakim (VAR) olmayıb. Tovuz klubu bu səbəbdən görüşün təxirə salınmasını istəyərək bəyanat yaymışdı.