AFFA “Turan”ın Berdıyevlə bağlı şikayəti təmin etmədi

AFFA-nın Apellyasiya Arbitraj Tribunalı “Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyevlə bağlı apellyasiya şikayətini təmin etməyib.

Arena.az bu barədə qurumun rəsmi saytına istinadən xəbər verir.

Apellyasiya Arbitraj Tribunalı “Turan Tovuz”dan fərqli olaraq, Birinci Liqada mübarizə aparan “Difai”nin şikayətini qismən təmin edib.

Bu gün qəbul olunmuş qərarların siyahısını təqdim edirik:

“Difai” barədə verilmiş qərardan şikayətə baxılmasına dair

  1. “Difai” Futbol Klubu tərəfindən verilən apellyasiya şikayəti qismən təmin edilsin.
  2. 3 aprel 2025-ci il tarixdə Birinci Liqada 20-ci tur çərçivəsində keçirilmiş “Difai” – “Karvan” oyunu ilə əlaqədar olaraq Əsasnamənin tələblərinin pozulmasına (qüvvədə olan AFFA İntizam Məcəlləsinin 70.1-ci maddəsi) görə klubun 50 AZN, oyun günü planının pozulmasına görə (həmin Məcəllənin 77.1-ci maddəsi) isə 100 AZN cərimə edilməsi barədə İntizam Komitəsinin 8 aprel 2025-ci il tarixli qərarları ləğv edilsin.
  3. İntizam Komitəsi tərəfindən tətbiq olunan AFFA İntizam Məcəlləsinin müvafiq maddələrinə uyğun işin halları nəzərə alınaraq düzgün hüquqi qiymət verilməsi üçün iş yenidən baxılmasından ötrü İntizam Komitəsinə qaytarılsın.
  4. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin.
  5. Apellyasiya Arbitraj Tribunalının qərarından Lozannadakı (İsveçrə) İdman üzrə Arbitraj Məhkəməsinə (CAS) şikayət verilməsinin mümkünlüyü maraqlı tərəflərə izah edilsin.

“Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyev barəsində verilən qərardan şikayətə baxılmasına dair

  1. “Turan Tovuz” Peşəkar Futbol Klubu tərəfindən verilən apellyasiya şikayəti təmin edilməsin.
  2. 12 aprel 2025-ci il tarixdə Azərbaycan Premyer Liqasının 30-cu turu çərçivəsində keçirilmiş “Turan Tovuz” – “Sabah” oyununun 19-cu dəqiqəsində “Turan Tovuz” klubunun baş məşqçisi Kurban Berdıyev meydana daxil olaraq hakimin qərarına etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir etdiyi üçün baş məşqçinin 3 oyun şərti olmaqla 5 oyun cəzalanması, klubun 4000 AZN məbləğində cərimə olunması və şərti cəzaya dair 3 ay sınaq müddəti təyin olunması (qüvvədə olan AFFA İntizam Məcəlləsinin 43.4-cü və 32-ci maddələri) barədə AFFA İntizam Komitəsinin 16 aprel 2025-ci il tarixli qərarı qüvvədə saxlanılsın.
  3. Apellyasiya Arbitraj Tribunalının qərarından Lozannadakı (İsveçrə) İdman üzrə Arbitraj Məhkəməsinə (CAS) şikayət verilməsinin mümkünlüyü maraqlı tərəflərə izah edilsin.