AFFA İntizam Komitəsi bu qurumun bayrağı altında keçirilən müxtəlif yarışlarda mübarizə aparan 3 komandaya texniki məğlubiyyət verib.
Arena.az xəbər verir ki, bu barədə qurumun bu gün baş tutan iclasında qərarlar qəbul edilib.
Gənclər Liqasında keçirilən “Zirə” – “Qəbələ” oyununda adı protokolda qeyd edilməyən futbolçu meydana daxil olduğuna görə “Zirə”yə 0:3 hesablı texniki məğlubiyyət verilib.
U-12 Liqasında keçirilməli olan “Latsio Baku” – “Zəngəzur” görüşü ikincilərin heyətində yetərsay olmadığına görə baş tutmayıb. Bu səbəbdən “Zəngəzur” texniki məğlubiyyətlə cəzalandırılıb.
U-10 Liqasında keçirilməli olan “Bayern Baku” – “Karvan” (Yevlax) oyunu da qonaq komandanın heyətində yetərsay olmadığına görə baş tutmayıb. Yevlax təmsilçinə bu səbəbdən texniki məğlubiyyət verilib.
AFFA-nın aşağı liqalarında çıxış edən iki komandanın köməkçi məşqçiləri isə 5 oyunluq cəza alıblar.
U-16 Liqasında mübarizə aparan “Dinamo” (Bakı) kollektivindən Çıraq Behbudov ASTA ilə matçın 88-ci dəqiqəsində hakimi təhqir edib. Qırmızı vərəqə alan mütəxəssis texniki zonadan kənarlaşdırılıb.
U-13 Liqasında da oxşar hadisə yaşanıb. İOEUGİM (Sumqayıt) komandasından Asif Əsgərov eyni cəzanı alıb. O, “Məhəllə uşaqları” (Sumqayıt) ilə qarşılaşmanın 52-ci dəqiqəsində meydana daxil olaraq hakimlər briqadasının ünvanına xoşagəlməz ifadələr işlədib.
Bundan əlavə, AFFA U-11 Liqasında “Lamasya Baku”nun futbolçusu Heydər Xanlarov “Binə” (Bakı) ilə görüşdə hakimə əl-qol atdığı üçün meydandan kənarlaşdırılıb və 2 matçlıq cəza alıb. Ardınca onun valideyni qərara etiraz olaraq stadiona girib. Bu səbəbdən “Lamasya Baku” komandasına xəbərdarlıq edilib.