Afrika Millətlər Kuboku: 1/8 final cütləri müəyyənləşdi

Kot-d’İvuarda 24 komandanın iştirakı ilə təşkil olunmuş futbol üzrə sayca 34-cü Afrika Millətlər Kuboku davam edir.

Arena.az məlumat verir ki, yanvarın 24-də qrup mərhələsinə yekun vurulub.

Bu gün də dörd qarşılaşma baş tutub. Maraqlıdır ki, onlardan üçü qolsuz yekunlaşıb, digər oyunda da cəmi 1 qol qeydə alınıb.

Son olaraq E və F qruplarında mübarizə yekunlaşıb. E qrupunda Namibiya – Mali və Cənubi Afrika – Tunis görüşləri qolsuz bitib. Bu, Maliyə qrup birincisi, Cənubi Afrika yığmasına da ikinci yerlə pley-offa yüksəlmək imkanı yaradıb. Namibiya yığması da ən yaşı qrup üçüncülərindən biri kimi mərhələ adlayıb. Əvəzində Tunis yığması gözlənilməz şəkildə qrupda qalıb.

F qrupunda Tanzaniya ilə Konqo Demokratik Respublikasının yığması arasındakı oyunda da qapılara qol vurulmayıb. Mərakeş yığması isə Zambiya millisini minimal hesabla yenib.

Beləliklə, Mərakeş yığması qrup lideri kimi pley-offa yüksəlib. Konqolular qrup ikincisi kimi mərhələ adlayıblar. Zambiya və Tanzaniya yığmaları üçün mübarizə elə qrup mərhələsindəcə yekunlaşıb.

Yanvarın 13-də start verilmiş və Kot-d’İvuarın 5 şəhərinin 6 stadionunda keçirilən Afrika Millətlər Kubokuna fevralın 11-də yekun vurulacaq.

Afrika Millətlər Kuboku

Qrup mərhələsi, 3-cü tur
23 yanvar

E qrupu

Namibiya – Mali 0:0

Cənubi Afrika – Tunis 0:0

Xallar: Mali – 5. Cənubi Afrika – 4. Namibiya – 4. Tunis 2.

F qrupu

Tanzaniya – Konqo DR 0:0

Zambiya – Mərakeş 0:1
Qol: Ziyeş, 37.

Xallar: Mərakeş – 7. Konqo DR – 3. Zambiya – 2. Tanzaniya – 2.

Beləliklə, Ekvatorial Qvineya, Kabo Verde, Seneqal, Anqola, Mali və Mərakeş yığmaları qrup lideri kimi mərhələ adlayıblar. Nigeriya, Misir, Kamerun, Burkina Faso, Cənubi Afrika və Konqo DR qrup ikincisi kimi istəklərinə çatıblar. Qvineya, Namibiya, Mavritaniya və meydan sahibi Kot-d’İvuar yığmaları isə ən yaxşı qrup üçüncüsü kimi pley-offda oynamaq imkanı qazanıblar.

Artıq 1/8 final mərhələsində kimlərin üz-üzə gələcəyi də məlumdur:

1/8 final

27 yanvar

Anqola – Namibiya
Nigeriya – Kamerun

28 yanvar

Ekvatorial Qvineya – Qvineya
Misir – Konqo DR

29 yanvar

Kabo Verde – Mavritaniya
Seneqal – Kot-d’İvuar

30 yanvar

Mali – Burkina Faso
Mərakeş – Cənubi Afrika