“Səbail”in baş məşqçisi Aftandil Hacıyev klubun rəsmi saytına müsahibə verib. Arena.az xəbər verir ki, “dənizçilər”in çalışdırıcısı yeni mövsümə hazırlıqla bağlı bunları söyləyib:
“İki mərhələdən ibarət təlim-məşq toplanışına yanvarın 5-də “ASCO Arena”da başladıq. Yanvarın 10-dan isə toplanışın ikinci mərhələsinə “Dalğa Arena”da davam edirik. İlk mərhələ futbolçuların fiziki durumunun yüksəlməsinə hesablanmışdısa, ikinci mərhələdə texniki-taktiki çalışmalara üstünlük verilib. Bir yoxlama görüşü (“Qarabağ-2” ilə oyun (0:0) nəzərdə tutulur – red.) artıq baş tutub. Bu gün növbəti yoxlama oyununda “Keşlə” komandası ilə qarşılaşacağıq. Yanvarın 21-də və 24-də daha iki oyun keçirməyi planlaşdırmışıq. Təlim-məşq toplanışını yanvarın 24-də başa vuracağıq. Çempionatın növbəti mərhələsində hazır durumda olacağıq”.
Baş məşqçi bir neçə gün öncə futbolçu karyerasını bitirmən qapıçı Kamran Ağayevin qərarına da münasibət bildirib: “Kamran Ağayevin bir il yarım bundan öncə futboldan kənar qalmasına razı deyildik. Onun hələ də futbolumuza qatqısı olacağını düşünürdük. Uzun prosesdən sonra geri qayıtmağı bacardı. Lakin, Kamranın karyerasını bitirmə qərarı bizim üçün gözlənilməz oldu. Davam etdiyi yolda ona uğurlar arzulayırıq. Bilirsiniz ki, qış fasiləsində oyunçu tapmaq çətindir. Xüsusilə də, hazırda qapıçı mövqeyi üçün sərbəst futbolçu yoxdur. Bundan sonra heyətimizi yerli futbolçular ilə gücləndirmək istəyirik . Bizim komandaya güc qata biləcək 2-3 futbolçu cəlb etməyi düşünürük. İstədiyimiz futbolçular hazırda qış fasiləsində sərbəst olmadığına görə ola bilər ki, çempionatı əlimizdə olan heyətlə davam edək”.
“Turana sahib çıxmaq istəyirik”
Aftandil Hacıyev Yunanıstan klubuna keçidi gündəmdə olan Turan Manafovdan da söz açıb: “Klubumuza Turan Manafovla bağlı digər klublardan rəsmi təkliflər var. Onun gələcəyi üçün nəyin daha xeyirli olacağı barədə çox düşünürük. Bilirsiniz ki, gənc futbolçudur və ilk dəfə legioner həyatı yaşayacaq. Klub olaraq, Turana sahib çıxmaq istəyirik. Həm hazırda bizimlə müqaviləsi var, həm də bilirsiniz ki, Yunanıstana gedib bir çox problemlərlə üzləşən futbolçularımız da var. Bu kimi hallar baş verməsin deyə onu qoruyuruq. Hazırda danışıqlar gedir. Ola bilər ki, icarə əsasında çıxış etsin. Bu müddət ərzində həm biz, həm də özü prosesin necə irəlilədiyinin və necə inkişaf etdiyinin fərqində olacaq. Yekun olaraq, Turanın keçidi ilə bağlı prosesdə ona xeyirli olacaq qərarı verəcəyik”.


