Ağabala Ramazanov: “Gəncəyə qələbə qazanmaq üçün gedirik”

“Səbail”in hücumçusu Ağabala Ramazanov Premyer Liqanın 28-ci turunda “Kəpəz”ə qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb. Arena.az xəbər verir ki, 30 yaşlı futbolçu “dənizçilər”in mətbuat xidmətinə açıqlamasında bunları söyləyib:

“Ölkə çempionatında milli komandaların oyunları ilə əlaqədar olaraq fasilə yaranmışdı. Biz də bu fasilədən istifadə edərərək çatışmayan cəhətlərimizin üzərində çalışdıq. “Kəpəz”lə oyundan öncə məşqlərimizə yüksək əhvali-ruhiyyə ilə davam edirik. Bizi qarşıda çətin səfər oyunu gözlədiyini bilirik. Amma Gəncəyə qələbə qazanmaq üçün gedirik. Mən və komanda yoldaşlarım buna inanırıq”.

Azərbaycan Premyer Liqasının 28-ci turu çərçivəsində baş tutacaq “Kəpəz” – “Səbail” oyunu aprelin 1-də keçiriləcək. Gəncə şəhər stadionunda keçiriləcək oyuna saat 15:30-da start veriləcək.

Xatırladaq ki, Ağabala Ramazanov 2022-ci ilin iyul ayından “Səbail”də forma geyinir. O, 2018-2020-ci illər aralığında da paytaxt təmsilçisində çıxış edib. Hücumçu bütövlükdə bu komandada 56 oyuna çıxıb, 19 qol vurub və 7 məhsuldar ötürmə müəllifi olub. Ramazanov karyerası ərzində “Xəzər Lənkəran”, “Zirə”, “Sumqayıt”, “Qarabağ”, “Şamaxı” və “Neftçi”də də forma geyinib. O, Azərbaycan milli komandasında da 18 oyun keçirib, 1 qol vurub.

Xəbəri sosial şəbəkələrdə paylaş: