19 yaşadək futzalçılardan ibarət Azərbaycan milli komandasının (U-19) baş məşqçisi Ağatahir Əzimovun səhhətində problem yaranıb. Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyasının rəsmi saytı məlumat yayıb.
Avropa çempionatının əsas mərhələsində iştirak edəcək U-19 martın 9-dan etibarən Bakıda təlim-məşq toplanışındadır. Komanda gündə iki dəfə olmaqla Bakı İdman Sarayında hazırlıq keçir. Heyətdə zədəli oyunçu yoxdur.
Bu gün milli komandanın açıq məşqi də olacaq. Belə ki, saat 18:00-da başlayacaq məşq prosesini KİV nümayəndələri də izləyə biləcək.
Millinin toplanışı martın 15-də başa çatacaq. Komanda ayın 20-də qrup oyunlarının keçiriləcəyi Bosniya və Herseqovinaya yola düşəcək. U-19 martın 22-də Fransanın, ertəsi gün isə meydan sahibi Bosniya və Herseqovinanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq. Azərbaycan millisi qrupdakı son oyununu martın 25-də Yunanıstan yığmasına qarşı keçirəcək.
Milli komandanın hazırlıq prosesinə U-17-nin baş məşqçisi İlqar Aslanov rəhbərlik edir. Buna səbəb U-19-un baş məşqçisi Ağatahir Əzimovun səhhətində problemlərin yaranmasıdır. O, yaxın günlərdə cərrahiyyə əməliyyatı olunacaq. Komandanı AÇ-nin oyunlarına da məhz İlqar Aslanov çıxaraq.


