Futbol üzrə İtaliya yığmasının hücumçusu Mario Balotellinin agenti Entso Rayola onun “Cenoa”ya mümkün keçidi haqda danışıb.
Arena.az Rayolanın bu barədə məlumatını təqdim edir:
“Mən xoşbəxtəm ki, “Cenoa” prezidentini çoxdan tanıyıram. Onun Marionun böyük pərəstişkarı olduğunu da bilirəm. Onu öz klubuna gətirməkdən məmnun olardı. “Cenoa”nın texniki həllini gözləyirik. Biz Marionun kluba nə verə biləcəyini bilirik və o, buna hazırdır. O, gözləyə bilmir, ona görə də ümidvarıq ki, bu ittifaqı tez qura biləcəyik”.
Xatırladaq ki, “Milan”, “İnter” və bir çox Avropa klublarının keçmiş hücumçusu olan Mario Balotelli özü də bu yaxınlarda İtaliya A Seriyasına qayıtmaq istədiyini açıqlamışdı.
Mario Balotellinin sonuncu iş yeri Türkiyənin “Adana Dəmirspor” klubu olub. O, bu ilin yayında Super Liqa təmsilçisini tərk edəndən bəri işsizdir.
Mario Balotelli 2021-ci ilin iyulunda üz tutduğu “Adana Dəmirspor”u 2022-ci ilin avqustunda İsveçrə “Sion”una dəyişmiş, 2023-cü ilin sentyabrında yenidən Türkiyə təmsilçisinə qayıtmışdı. Balotellinin Adana klubundakı karyerası bütövlükdə 51 oyun, 26 qol və 8 assistdən ibarətdir.
İtaliyalı futbolçu karyerası ərzində “İnter”, “Mançester Siti”, “Milan”, “Nitsa”, “Liverpul”, “Breşiya”, “Olimpik” (Marsel), “Montsa” və “Lumessane” kimi klubların da formasını geyinib.
Balotelli 2010-cu ilin avqustunda debüt etdiyi İtaliya yığmasının heyətində 36 oyun keçirib. O, bu oyunlarda 14 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
“Transfermarkt” internet-portalı 34 yaşlı hücumçunun transfer dəyərini 500 min avro məbləğində qiymətləndirir.


