Ağır atletika üzrə Azərbaycan millisi Ermənistanda!

Ermənistanda keçiriləcək ağır atletika üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan millisi artıq İrəvandadır. Arena.az xəbər verir ki, bu barədə bu gün keçirilən mətbuat konfransında Ermənistanın baş naziri Aparatının rəhbəri Arayik Harutyunyan deyib.

Onun sözlərinə görə, Azərbaycan nümayəndə heyəti 12 nəfərdən ibarətdir. Onların 4 nəfəri yarışda iştirak edəcək idmançılardır.

Xatırladaq ki, Azərbaycanı bu Avropa çempionatında dörd idmançı təmsil edəcək. Kişilərin mübarizəsində İsa Rüstəmov (67 kq), Ömər Cavadov (73 kq) və Əli Şükürlü (102 kq) çıxış edəcək. Qadınların yarışında isə yalnız Nazilə İsmayılova (49 kq) qüvvəsini sınayacaq. İlkin siyahıda yer alan Dadaş Dadaşbəyli (109 kq) heyətdən çıxarılıb və İrəvana aparılmayıb.

Aprelin 15-də başlayacaq Avropa çempionatına aprelin 23-də yekun vurulacaq. Qitə birinciliyi İrəvandakı Karen Demirçyan adına konsert-idman kompleksində keçiriləcək.

Ermənistanda keçirilən Avropa çempionatında 40 ölkədən 500-ə qədər idmançının (ümumən 1000-dən çox nümayəndənin) iştirak edəcəyi bildirilir. Bu yarışın qalibləri Paris-2024 Olimpiya Oyunlarına lisenziya qazanacaqlar.

Xəbəri sosial şəbəkələrdə paylaş: