Şüvəlan qəsəbəsində gənclər arasında təşkil olunmuş ağırlıqqaldırma üzrə Azərbaycan birinciliyinə yekun vurulub.
Arena.az xəbər verir ki, Şüvəlandakı Ağır Atletika Akademiyasının yarış zalında keçirilən turnirdə ölkənin bütün regionlarından klub və cəmiyyətləri təmsil edən yüzə yaxın atlet iştirak edib.
Son yarış günündə çəkisi 67, 73, 81, 89, 96 və 109 kq olan atletlər qaliblərin adına aydınlıq gətiriblər.
Körpücük üzərinə ilk olaraq çəkisi 67 kq-a qədər olan atletlər çıxıblar. Lənkəran idmançısı Fuad Həsənov toplam 258 kq (118+140) nəticə ilə bütün rəqiblərindən üstün olub və qızıl medala yiyələnib. Sonrakı yerləri müvafiq olaraq 233 kq (105+128) nəticə ilə Turan Əliyev və 224 kq (104+120) nəticə ilə Akif Abdullayev qazanıblar.
Toplam 255 kq (120+135) nəticə göstərən Murad Əliyev 73 kq çəki dərəcəsində qızıl medala layiq görülüb. Gümüş və bürünc medala müvafiq olaraq 227 kq (106+122) nəticə ilə Nihad Vəliyev və 204 kq (92+112) nəticə ilə Nəcəf Nəzərov sahib çıxıblar.
81 kq çəki dərəcəsində isə Hüseyn Heydərov fərqlənib. O, toplam 248 kq (115+133) nəticə ilə qızıl medalçı olub. Toplam 230 kq (104+126) nəticə ilə Dilavər Süleymanov gümüş, toplam 221 kq (100+121) nəticə ilə isə Vaqif Həsənov bürünc medala layiq görülüblər.
89 kq çəki dərəcəsində toplam 260 kq (120+140) nəticə ilə Orxan Söhrabzadə, 96 kq çəki dərəcəsində toplam 237 kq (107+130) nəticə ilə Canəli Əsədov, 109 kq çəki dərəcəsində isə toplam 342 kq (162+180) nəticə ilə Əli Şükürlü qalib adını qazanıblar.
Xatırladaq ki, ağırlıqqaldırmaq üzrə Azərbaycan birinciliyinə ötən gün start verilmişdi. İlk gündə qadınlar arasında bütün qaliblər, kişilər arasında isə iki çəki dərəcəsi üzrə mükafatçılar müəyyənləşmişdi.