Ağırlıqqaldırma yığmamız Raşindən 12 medalla qayıtdı

Azərbaycanın ağırlıqqaldırma üzrə üzrə milli komandasının üzvləri Polşanın Raşin şəhərində keçirilmiş Avropa birinciliyində iştirak ediblər.

Arena.az xəbər verir ki, idmançılarımız gənclər və 23 yaşadək atletlər arasında təşkil olunmuş Avropa birinciliyində 2-si qızıl, 4-ü gümüş, 6-sı bürünc olmaqla ümumilikdə 12 medal qazanıblar.

Onlardan Ravin Alməmmədov 1 qızıl, 2 gümüş, Ömər Cavadov qızıl, Əli Şükürlü 1 gümüş, 2 bürünc, Qasım İsmayılov 2 bürünc, Tehran Məmmədov gümüş, Fuad Həsənov 2 bürünc medala sahib olublar.

81 kq çəki dərəcəsində yarışan Ravin Alməmmədov birdən qaldırma hərəkətində 151 kq-ı ram edib və bu hərəkətdə Avropa birincilyinin ən yaxşısı olub. O, təkanla qaldırma hərəkətində 187 kq-ı başı üzərinə qaldırıb və bu hərəkətdə gümüş medala sahib çıxıb.
Ravin Alməmmədov toplam 338 kq (151+187) nəticə ilə yekun sıralamada da gümüş medal qazanıb.

Ömər Cavadov və Füqan Əliyev də 81 kq çəki dərəcəsində yarışıblar. Füqan Əliyev birdən qaldırma hərəkətində 146 kq-la 7-ci olub, təkanla qaldırma hərəkətini nəticəsiz başa vurub.

Ömər Cavadov isə birdən qaldırma hərəkətində 155 kq-ı ram edərək bu hərəkətdə Avropa birinciliyinin qalibi olub. O, təkanla qaldırma hərəkətini nəticəsiz başa vurub.

Avropa çempionatında ən ağır çəkili idmançımız Əli Şükürlü medal kolleksiyamıza daha 3 mükafat əlavə edib. Atletimiz birdən qaldırma hərəkətində 173 kq nəticə göstərərək Avropa birinciliyinin gümüş medalını qazanıb. Təkanla qaldırma hərəkətində 201 kq ağırlığı başı üzərinə qaldıran Əli Şükürlü bu dəfə bürünc medala sahib olub. Təmsilçimiz toplam çəkidə də ən güclü üçlüyə düşməyi bacarıb. O, 374 kq (173+201) nəticəyə imza ataraq fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.

Qasım İsmayılov (67 kq) birdənqaldırma yarışında 120 kq nəticə göstərib və bu hərəkətdə 4-cü olub. Təkanla qaldırma hərəkətində daha yaxşı təsir bağışlayan idmançımız 153 kq çəkinin öhdəsindən gəlməklə bu növdə bürünc mükafat əldə edib. Atletimiz iki hərəkətin cəmində də ən güclü üçlüyə düşməyi bacarıb. Toplamda 273 kq nəticə göstərmiş Qasım İsmayılov Avropa birinciliyində fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

Fuad Həsənov üçüncü oldu, digər atletlərimiz medalsız qaldılar

Fuad Həsənov və Tehran Məmmədov da qitə birinciliyində qüvvələrini sınayıblar. Onlar yaşı 23-ə qədər atletlərin mübarizəsində 67 kq çəki dərəcəsində yarışıblar. Tehran Məmmədov birdən qaldırma hərəkətində 133 kq-ı ram edərək bu hərəkətdə Avropa birinciliyinin gümüş medalına sahib çıxıb. Atletimiz təkanla qaldırma hərəkətində hər 3 yanaşmasını uğursuz icra edib və nəticə qazana bilməyib.

Fuad Həsənov isə birdən qaldırma hərəkətində 131 kq-ı başı üzərinə qaldıraraq 4-cü olub. Atletimiz təkanla qaldırma hərəkətində daha yaxşı çıxış edib. O, 156 kq-ı qaldıraraq bu hərəkətdə Avropa birinciliyinin bürünc medalçısı olub. Fuad toplam 287 kq (131+156) nəticə ilə yekun sıralamada bürünc medal qazanmağı bacarıb.

Digər atletlərimizdən Nurlan Məmmədzadə (89 kq) birdən qaldırma hərəkətində 140 kq, təkanla qaldırma hərəkətində isə 181 kq nəticə gostərib. Nurlan Məmmədzadə toplamda 321 kq (140+181) göstərici ilə yarışı 7-ci yerdə başa vurub.

Mahmud Qədirov (73 kq) birdən qaldırma hərəkətində 128 kq nəticə göstərib. Mahmud təkanla qaldırma hərəkətində 150 kq çəkinin öhdəsindən gəlib. Toplamda 278 kq (128+150) nəticəyə imza atan Qədirov yekunda 8-ci yerdə qərarlaşıb.

Qitə miqyaslı yarışda qüvvəsini sınayan yeganə qadın atletimiz Rahilə Hüseynzadə birdən qaldırma hərəkətində 85 kq, təkanla qaldırma hərəkətində isə 107 kq nəticə gostərib. Rahilə Hüseynzadə toplamda 192 kq (85+107) göstərici ilə yarısı 8-ci yerdə başa vurub.

“Çalışacağıq ki, bundan sonrakı yarışlarda da etimadı doğruldaq”

Beləliklə, Avropa birinciliyində 12 medal qazanmış ağırlıqqaldırma üzrə yığma komandamızın üzvləri bu gün vətənə qayıdıblar. Atletlərimizi Heydər Əliyev Beynəlxalq hava limanında idman ictimaiyyətinin üzvləri, jurnalistlər və azarkeşlər qarşılayıblar.

Avropa birinciliyində medallar qazanmış idmançılarımızdan Ravin Alməmmədov və Əli Şükürlü media nümayəndələrinin suallarını cavablandırıblar.

Ravin Alməmmədov: “Əlbəttə ki, yarışa çox yaxşı hazırlaşmışdıq. Federasiya rəhbərliyi təlim-məşq toplanışımızın yüksək səviyyədə keçməsi üçün hər şeyi etmişdi. Avropa birinciliyinə medallar qazanmaq üçün yollanmışdıq və bunu bacardıq. Belə yarışlarda zəif rəqib olmur. Amma bununla hədəflərimiz bitmir, gələcək yarışlarda daha yaxşı çıxış etmək niyyətindəyəm”.

Əli Şükürlü: “Federasiya rəhbərliyi başda olmaqla qələbəmizdə əziyyəti olan hər kəsə təşəkkür edirəm. Texnika və güc öz yerində, amma bizim idman növündə motivasiya da çox önəmlidir. Qələbəmizdə məhz bu amil həlledici oldu. Çalışacağıq ki, bundan sonrakı yarışlarda da etimadı doğruldaq”.