Ahmed Ayzaya “Kəpəz”i “Turan Tovuz”a dəyişə bilər

“Kəpəz”in Nigeriyadan olan yarımmüdafiəçisi Ahmed Ayzaya cari mövsümün sonunda Gəncə klubundan ayrıla bilər. Arena.az saytının əldə etdiyi məlumata görə, 27 yaşlı futbolçu yenidən Azərbaycan Premyer Liqasında klub dəyişdirməyə yaxındır.

Mərkəz yarımmüdafiəçisi ilə “Turan Tovuz” yaxından maraqlanır. Baş məşqçi Ayxan Abbasov çıxışını bəyəndiyi bu oyunçunu sərəncamında gözləyir. Tovuz təmsilçisi mövsüm başa çatan kimi bu futbolçuya yekun təklifini bildirəcək. Ayzayanın iş yerini dəyişməsi ehtimalı yüksəkdir.

Amma onun “Kəpəz”də qalmaq ehtimalı da var. Bu isə sırf Gəncə klubunun maddi vəziyyətindən asılı olacaq. Məsələ burasındadır ki, “Kəpəz” yeni mövsüm üçün özünə sponsor tapa bilməsə, nəinki Ayzaya, hətta digər legionerlərini də itirməli olacaq. Çünki indiki büdcə ilə klubun qarşısına yalnız yerli futbolçularla oynamaq tələbi qoyulacaq. Belə olan halda digər legionerlər kimi, nigeriyalı yarımmüdafiəçi də qərb təmsilçisini tərk edəcək. Belədə o, böyük ehtimalla “Turan Tovuz”dan alacağı təklifi qəbul edəcək.

“Kəpəz” sponsor tapacağı halda isə, Ayzayanın bu iki qərb təmsilçisindən hansının ona daha sərfəli müqavilə təklif etməsini götür-qoy edəcək.

Xatırladaq ki, Ahmed Ayzaya “Kəpəz”ə bu mövsümün əvvəlində “Zirə”dən transfer olunub. O, 2022-ci ilin avqustundan bəri Gəncə təmsilçisinin heyətində 33 oyuna çıxıb, 4 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. “Zirə”də olanda isə yarımmüdafiəçi 13 oyuna 1 qol vurmuş və 3 məhsuldar öürmə müəllifi olmuşdu.

Ayzaya Azərbaycana gələnə qədər “Kovilya”, “Varzim”, “Jil Visente”, “Vilaverdense”, “Ribeyrao” kimi klubların formasını geyinib.