Ahmet Ağaoğlu “Trabzonspor”un prezidenti postunu tərk etdi

Futbol üzrə Türkiyə Super Liqasında mübarizə aparan “Trabzonspor” klubunun prezidenti Ahmet Ağaoğlu istefa verib. Arena.az xəbər verir ki, 65 yaşlı iş adamı ayrılıq qərarını Trabzon klubunun rəsmi saytındakı açıqlaması ilə elan edib.

Onun istefasına klubun artan maliyyə problemləri, eləcə də komandanın cari mövsümdəki uğursuz çıxışı səbəb göstərilib. Ağaoğlu yeni rəhbərliyin bu problemləri aradan qaldıracağına inamını ifadə edib. O, hər kəsi yeni seçiləcək rəhbərliyə dəstək olmağa çağırıb.

Xatırladaq ki, Ahmet Ağaoğlu 2018-ci ildən “Trabzonspor”un prezidenti postunda çalışırdı. Trabzon klubu 1982/83 mövsümündən sonra ilk dəfə ötən mövsüm onun rəhbərliyi altında Türkiyə Super Liqasının qalibi adını qazanmışdı.