Alan Şirer: “Koul Palmer bu “Çelsi”nin ürəyidir”

“Nyukasl”ın və İngiltərə millisinin sabiq hücumçusu Alan Şirer “Çelsi”nin yarımmüdafiəçisi Koul Palmer haqqında fikirlərini paylaşıb.

Arena.az xəbər verir ki, o, İngiltərə Kubokunun yarımfinalında “Mançester Siti” ilə oyundan (0:1) sonra “zadəganlar”ın ingilis futbolçusu ilə bağlı bunları söyləyib:

“Koul Palmer bu “Çelsi”nin işığı, komandanın ürəyidir. Yaxşı nə baş verirsə, o, bu işdə iştirak edir. Onun texnikası, münasibəti, gərəkli məqamda ötürməni tapıb yerinə yetirmək bacarığı diqqət çəkir”, deyə Alan Şirer məmnunluqla bildirib.

Xatırladaq ki, Koul Palmer “Mançester Siti”nin yetirməsidir. O, “Çelsi”yə 2023-cü ilin sentyabrında 47 milyon avro müqabilində məhz Mançester klubundan keçib.

Cari mövsümdə Palmer “zadəganlar”ın heyətində 42 oyuna çıxıb. O, bu oyunlarda 25 qol və 13 məhsuldar ötürmə ilə fərqlənib.

Palmer ötən ilin noyabr ayında debüt etdiyi İngiltərə milli komandasında 2 oyun keçirsə də, hələ fərqlənə bilməyib. O, daha öncə İngiltərənin U-15, U-16, U-17, U-18, U-21 yığmalarında da oynayıb.

“Transfermarkt” internet-portalı 21 yaşlı Koul Palmeri 55 milyon avro məbləğində qiymətləndirir.