İngiltərənin “Nottingem Forest” klubunun koreyalı hücumçusu Hvanq Ui-Jo bundan sonra “Alanyaspor”un uğurları üçün çalışacaq.
Arena.az bu barədə Türkiyə klubunun rəsmi saytı məlumat yayıb.
Transferin detalları açıqlanmayıb. Cənubi Koreya yığmasının da üzvü olan 32 yaşlı futbolçu Alanya təmsilçisi ilə 1 illik (2025-ci ilin 30 iyununadək) müqavilə bağlayıb.
Xatırladaq ki, Hvanq Ui-Jo ötən mövsümün ikinci dövrəsini də icarə əsasında “Alanyaspor”da keçirmişdi. O, bu komandanın heyətində 8 oyuna 1 qol və 1 assistlə yadda qalıb.
Koreyalı futbolçu karyerası ərzində “Seonqnam”, “Bordo”, “Qamba Osaka”, “Seul”, “Norviç Siti”, “Olimpiakos” kimi klublarda da çıxış edib. O, 2015-ci ildə debüt etdiyi Cənubi Koreya yığmasının heyətində 62 oyuna çıxıb, 19 qol və 4 məhsuldar ötürmə müəllifi olub.
“Alanyaspor”un misirli hücumçusu Ahmed Hassan isə Super Liqa təmsilçisini tərk edib. 31 yaşlı forvard azad agent kimi Portuqaliyanın “Rio Ave” klubuna keçib. O, köhnə-yeni klubu ilə 1 illik müqavilə imzalayıb.
Ahmed Hassan “Alanyaspor”da bütövlükdə 38 oyuna çıxıb. bu oyunlarda 17 qol vurub, 3 məhsuldar ötürmə müəllifi olub. Ahmed 2012/2015-ci illər aralığında isə məhz “Rio Ave”də çıxış edib – 98 oyun, 32 qol və 4 assist.
Misirli forvard karyerası ərzində “Braqa”, “Olimpiakos”, “Konyaspor”, “Pendikspor” və “Əl-Əhli” klublarında da çıxış edib. 2013-cü ildən Misir yığmasına dəvət alan forvard meydana çıxdığı 32 oyunda 6 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.