“Alaves” bir illik fasilədən sonra 2023/2024 mövsümündən etibarən İspaniya La Liqasında mübarizə aparmaq hüququ qazanıb.
Arena.az xəbər verir ki, İspaniya Sequndasında 2022/2023 mövsümünün əsas hissəsini 3-6-cı yerlərdə başa vuran komandalar arasında təşkil olunmuş pley-off mərhələsinə ötən gecə yekun vurulub.
42 turun nəticələrinə görə “Qranada” (75 xalla çempion) və “Las Palmas” (72 xalla ikinci yer) La Liqaya birbaşa vəsiqə qazanmışdılar.
La Liqada iştirak hüququ verən sonuncu – üçüncü vəsiqə uğrunda isə dörd klub mübarizəni davam etdirib. Bunlar müvafiq olaraq 3-6-cı yerləri bölüşən “Levante” (72 xal), “Alavas” (71 xal), “Eybar” (71 xal) və “Albasete” (67 xal) klubları idi.
Adı çəkilən komandalar pley-off oyunlarında üz-üzə gəliblər. Yarımfinal görüşlərində “Levante” Albasete”ni (3:1, 3:0), “Alaves” isə “Eybar”ı (1:1, 2:0) mübarizədən kənarlaşdırmaqla finala yüksəliblər. İlk final matçında qalib müəyyənləşməyib – 0:0. Ötən gecə “Levante”nin meydanında baş tutan cavab matçında isə qonaqlar seviniblər. Bask klubu qələbə qolunu 120 dəqiqəyə əlavə edilmiş 9-cu dəqiqədə penaltidən vurub. Beləliklə, pley-offun qalibi olan alaveslilər növbəti mövsümdə La Liqada çıxış etmək hüququ qazanıblar. Bu komanda 2021/2022 mövsümündə sonuncu pilləni tutduğu üçün elitanı tərk etmişdi.
Xatırladaq ki, 2022/2023 mövsümünün yekunlarına əsasən La Liqada 25 xalla sonuncu olan “Elçe”, eləcə də 37 xalla 19-cu yeri tutan “Espanyol” və 40 xalla 18-ci sırada qərarlaşan “Valyadolid” elitanı tərk ediblər.