Albert Sambi Lokonqa və Saul Niqes “Sevilya”da

İspaniyanın “Sevilya” klubu heyətini iki yeni futbolçu – mərkəz yarımmüdafiəçisi olan Albert Sambi Lokonqa və Saul Niqeslə gücləndirib.

Arena.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.

Lokonqa İngiltərənin “Arsenal”, Niqes isə İspaniyanın digər klubu “Atletiko”dan (Madrid) bir illik icarəyə götürülüb. Onların hər ikisi 2025-ci ilin 30 iyununa kimi bu klubda icarədə olacaqlar. “Sevilya” Sauldan fərqli, Alberti satınalma şərti ilə icarəyə götürüb.

Qeyd edək ki, bu oyunçuların öz klubları ilə 2026-cı ilin 30 iyununa qədər müqaviləsi mövcuddur.

Albert Sambi Lokonqa Belçikanın “Anderlext” klubunun yetirməsidir. Əslən Konqodan olan belçikalı yarımmüdafiəçi “Arsenal”a 2021-ci ilin iyul ayında 17,5 milyon avro qarşılığında məhz “Anderlext”dən gəlib. O, London klubunun əsas komandasında 39 oyuna çıxsa da, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib. “Arsenal” Lokonqanı daha öncə “Luton Taun” və “Kristal Pelas” klublarına da icarəyə verib.

Albert Belçikanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynayıb. O, bu ölkənin əsas millisində də 1 oyuna çıxıb.

Saul Niqes isə Madridin “Real” və “Atletiko” klublarının yetirməsidir. 29 yaşlı ispan yarımmüdafiəçi “Atletiko”un əsas komandasında 427 oyuna çıxıb, 48 qol və 26 məhsuldar ötürmə müəllifi olub. Paytaxt klubu onu daha öncə “Rayo Valyekano” və “Çelsi”yə də icarəyə verib.

İspaniyanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynamış Saul, 2016-cı ilin sentyabrında əsas millidə debüt edib. O, İspaniya yığmasında 19 oyuna çıxıb, 3 qol vurub, 2 məhsuldar ötürmə verib.