Aleks Kral və Dioqo Leyte “Union Berlin”də!

Futbol üzrə Çexiya millisinin dayaq yarımmüdafiəçisi Aleks Kral 2023/2024 mövsümündə də Almaniya Bundesliqasında çıxış edəcək.

Arena.az xəbər verir ki, müqavilə ilə Rusiyanın “Spartak” (Moskva) klubuna məxsus olan 25 yaşlı futbolçu geridə qalan mövsümü “Şalke”də icarədə keçirmişdi.

Növbəti mövsümdə isə o, Bundesliqanın digər təmsilçisi “Union Berlin”in uğurları üçün çalışacaq. Bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb. Çex futbolçu bir mövsümlük icarəyə götürülüb.

Xatırladaq ki, Aleks Kral 2019-cu ildə Praqa “Slaviya”sından 12 milyon avroya “Spartak”a transfer edilib. Yarımmüdafiəçi Rusiya klubunda 60 oyuna 6 məhsuldar ötürmə ilə yadda qalıb. 2021/2022 mövsümünü İngiltərənin “Vest Hem” komandasında icarədə keçirmiş Kral, 2022/2023 mövsümündə də “Şalke”də icarə əsasında çıxış edib. O, bu komandanın heyətində 31 oyunda iştirak edib, 1 məhsulda ötürmə ilə fərqlənib.

“Transfermarkt” internet-portalı Aleks Kralı 5,50 milyon avro məbləğində qiymətləndirir.

Almaniya Bundelsiqasında geridə qalan mövsümü dördüncü pillədə başa vuran “Union Berlin” daha bir transfer həyata keçirib. Paytaxt təmsilçisi 2022-ci ilin iyul ayında “Portu”dan icarəyə götürdüyü Dioqo Leyteni da heyətində saxlamağa qərar verib. Almanlar mövsümün əvvəlində bu oyunçunu satınalma şərti ilə icarəyə götürmüşdülər. Mərkəz müdafiəçisinin çıxışı rəhbərliyin ürəyincə olduğu üçün onun transfer hüquqları da alınıb. “Union Berlin” bunun üçün Portuqaliya klubuna 7,50 milyon avro ödəyib. Portuqaliyadan olan 24 yaşlı futbolçu ilə müqavilənin müddəti isə açıqlanmır.

Dioqo geridə qalan mövsümdə “Union Berlin”də 40 oyuna çıxıb, 1 məhsuldar ötürmə müəllifi olub. O, daha öncə “Portu”dan başqa “Braqa”nın da uğurları üçün çalışıb. Müdafiəçi Portuqaliyanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarına dəvət alsa da, əsas millidə debüt şansı qazanmayıb.

Sonda onu da vurğulayaq ki, “Union Berlin” növbəti mövsümdə UEFA Çempionlar Liqasında mübarizə aparacaq. Komanda turnirə qrup mərhələsində başlayacaq.