Türkiyənin “Beşiktaş” klubundan ayrılan Aleks Teyşeyra özünə yeni iş yeri tapıb. Arena.az xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi bundan sonra “Vasko da Qama”nın uğurları üçün çalışacaq.
Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb. Teyşeyra ilə müqavilə mövsümün sonuna qədər nəzədə tutulub.
Braziliyadan olan futbolçu yeni klubuna azad agent kimi keçib. Çünki onun “Beşiktaş”la müqaviləsi bir neçə gün öncə qarşılıqlı razılıq əsasında ləğv olunmuşdu. Halbuki futbolçunun klubla daha 2 illik müqaviləsi vardı.
Xatırladaq ki, Aleks Teyşeyra 2021-ci ilin avqustunda “Beşiktaş”a transfer olunmuşdu. O, İstanbul təmsilçisində meydana çıxdığı 31 oyunda 4 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
32 yaşlı futbolçu “Beşiktaş”dan öncə Çinin “Jiangsu Suning” klubunda forma geyinib. Peşəkar karyerasına “Vasko da Qama”da başlamış futbolçu, 2010-2016-cı illər aralığında da Ukraynanın “Şaxtyor” (Donetsk) komandasının uğurları üçün çalışıb.