Aleksandr Lyakazett “Arsenal”ı Lion “Olimpik”inə dəyişdi

Futbol üzrə Fransa yığmasının sabiq hücumçusu Aleksandr Lyakazett İngiltərənin “Arsenal” klubundan ayrılıb. Arena.az xəbər verir ki, 31 yaşlı futbolçu bundan sonrakı karyerasını sabiq klubunda – Lion “Olimpik”ində davam etdirəcək.

Bu barədə Liqa 1 təmsilçisinin rəsmi saytı məlumat yayıb. O, köhnə-yeni klubu ilə 3 illik müqaviləyə imza atıb.

Lyakazett Lion “Olimpik”inə dönüşünü belə şərh edib: “Bu komandaya qayıtmağım göz qabağında idi. Komanda ötən mövsümün sonunda Çempionlar Liqasına düşə bilməsə də, hələ də iddiaları var. İnanıram ki, futbolçu kimi böyümüşəm və liderlik qabiliyyətimi artırmışam. Mən kluba kömək etmək istəyirəm.

Kapitan sarğısı? Bu, baş məşqçidən asılıdır. Hər halda, paltardəyişmə otağında komanda yoldaşlarımla danışmaq və komandaya kömək etmək üçün mənə sarğı lazım deyil”.

Xatırladaq ki, Aleksandr Lyakazett məhz Lion “Olimpik”inin yetirməsidir. O, 2009-2017-ci illər aralığında bu klubun əsas komandasında meydana çıxdığı 275 oyunda 129 qol vurub. Hücumçu 2017-ci ilin may ayından “Arsenal”da çıxış edirdi. İngiltərə klubunda keçirdiyi beş mövsüm ərzində o, 206 oyuna çıxıb, 71 qol vurub.

Təcrübəli futbolçu 2013-2017-ci illər aralığında Fransa yığmasında da çıxış edib. O, millidə meydana çıxdığı 16 matçda 3 qolla yadda qalıb.

Sonda maraq üçün onu da qeyd edək ki, Lyakazett “Arsenal”a transferi zamanı Lion “Olimpik”inə 53 milyon avro qazandırmışdı. Lakin o, bu yay “Arsenal”dan azad agent kimi ayrıldığı üçün, sabiq klubuna pulsuz başa gəlib.