Futbol üzrə İspaniya La Liqasında mübarizə aparan “Qranada” klubunda baş məşqçi Aleksandr Medina istefaya göndərilib.
Arena.az xəbər verir ki, bu barədə elita təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.
Klub 45 yaşlı uruqvaylı mütəxəssisə xidmətlərinə görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.
Xatırladaq ki, Aleksandr Medina 2023-cü ilin noyabr ayından “Qranada”ya rəhbərlik edirdi. Komanda onun rəhbərliyi altında bütövlükdə 15 oyuna çıxıb. La Liqa təmsilçisi bu görüşlərdə cəmi 1 qələbə qazanıb, 4 heç-heçə edib və 12 məğlubiyyətə üzülüb.
Medina daha öncə “Veles Sarsfild”, “İnternasional”, “Talyeres”, “Nasional” kimi klublarda da baş məşqçi kimi fəaliyyət göstərib.
Artıq “Qranada”nın yeni baş məşqçisi də məlumdur. Komandanı bundan sonra İspaniyadan olan Xose Ramon Sandoval çalışdıracaq. 55 yaşlı məşqçi ilə müqavilənin müddəti və digər detalları açıqlanmayıb.
Xose Ramon Sandoval daha öncə də “Qranada”ya rəhbərlik edib. O, 2015-ci ilin mayın 2016-cı ilin fevralına qədər bu komandanı 33 matça çıxarıb – 9 qələbə, 6 heç-heçə və 18 məğlubiyyət.
Sandoval “Fuenlabrada”, “Kordoba”, “Rayo Valyekano”, “Sportinq” (Xixon), “Humanes”, “Parla” kimi komandalara da rəhbərlik edib. O, 2022-ci ilin iyun ayından işsiz idi.
Xatırladaq ki, “Qranada” bu mövsüm 28 oyundan sonra La Liqanın turnir cədvəlində 14 xalla 19-cu pillədə qərarlaşıb. Cəmi 2 qələbəsi olan elita təmsilçisi 8 heç-heçə edib, 18 məğlubiyyətə üzülüb. Sözügedən komanda elitanı tərk etməyə əsas namizədlərdən biri hesab olunur.
