Yunan-Roma güləşi üzrə Azərbaycan milli komandasının baş məşqçisi, rusiyalı mütəxəssis Aleksandr Tarakanov istefaya göndərilib.
Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyasının (AGF) rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, tərəflər arasında əməkdaşlıq qarşılıqlı razılaşma əsasında başa çatıb. AGF rusiyalı mütəxəssisə Azərbaycan güləşinə verdiyi töhfəyə görə təşəkkürünü bildirib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
2019-cu ilin oktyabrından baş məşqçi vəzifəsində çalışan Tarakanovun rəhbərliyi altında milli komandamız 2 dəfə Avropa və 2 dəfə dünya çempionu olmaqla yanaşı, Tokio-2020 və Paris-2024 Yay Olimpiya Oyunlarında 1 bürünc medal qazanıb.
Aleksandr Tarakanov Azərbaycan yığmasından ayrılmasına belə şərh verib:
“Azərbaycanda çalışdığım 6 il ərzində burada böyük təcrübə və yaxın dostlar qazandım. Bu müddət ərzində mən və məşqçilər korpusum həm federasiya, həm də güləş azarkeşlərindən böyük dəstək gördük. Bəzən məşqçilik karyerasında yeni bir mərhələyə adlamaq üçün fasilə götürmək, keçmiş təcrübələri yenidən nəzərdən keçirmək lazım olur. Bir qədər istirahət etmək, ailəmlə zaman keçirmək bu yolda mənə çox böyük dəstək olacaq. Bu səbəbdən qarşılıqlı razılaşma ilə əməkdaşlığı başa vurduq.
Fürsətdən istifadə edib, federasiya rəhbərliyinə, mənimlə çiyin-çiyinə çalışmış məşqçi yoldaşlarıma və komandanın hər bir üzvünə təşəkkür edirəm. Gələcəkdə nə zaman ehtiyac duyularsa, Azərbaycan güləşinin inkişafı yolunda əmək sərf etməyə hazıram”.


